Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Şimali Kipr Türk Respublikasını (ŞKTR) dünyadan ayırmağa çalışanların uğur qazana bilməyəcəklərini bəyan edib.
TEZADLAR.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, müxtəlif görüşlər üçün ŞKTR-nin paytaxtı Lefkoşaya gedən C.Yılmaz Ercan Hava Limanında verdiyi açıqlamada bildirib: “Qıbrız müstəqil, suveren bir dövlət olaraq yoluna davam edir. Türkiyə rifah və inkişafı uğrunda mübarizədə hər gün və həmişə Qıbrız türklərinin yanındadır”.
Səfəri çərçivəsində ŞKTR prezidenti Ersin Tatar və baş nazir Ünal Üstel ilə görüşləri zamanı iki ölkə arasında əməkdaşlığın bütün sahələrini, xüsusilə maliyyə və iqtisadi məsələləri müzakirə edəcəklərini bildirən Cevdet Yılmaz belə davam edib: "Bəziləri Qıbrızı dünyadan ayırmağa çalışsa da, buna nail ola bilməyəcəklər. Bir qapını bağlasalar, biz başqa qapılar açacağıq. Qıbrız türk dünyası ilə inteqrasiyanı davam etdirəcək və dünyaya hər sahədə öz töhfəsini verəcək."