Ağdam Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş, lakin minalardan tam təmizlənməmiş ərazilərinə icazəsiz keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, Ağdam RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən növbəti tədbirlər zamanı işğaldan azad edilmiş Qullar kəndinə keçmək istəyən 5 nəfər saxlanılıb. Həmin şəxslər saxlanıldıqdan sonra polis şöbəsinə dəvət olunublar. Onlarla profilaktiki söhbətlər aparılıb, gizlədilmə ehtimalı olan mina və partlayıcı vasitələrin onların həyatı üçün təhlükə doğura biləcəyi barədə xəbərdarlıq edilib. Həmin şəxslər barəsində inzibati qaydada tədbir görülüb.