Xalq şairi Vahid ƏZİZ yeni yazdığı "Dözək, qardaşım!" şeirini "Təzadlar"a göndərib...
Aşağıda təqdim edirik:
DÖZƏK, QARDAŞIM...
(Türkiyədə baş vermiş zəlzələ müsibətinə ithaf olunur)
Axı, hər əməldə olmalı bir hədd-
Bu nə bəla idi, igid qardaşım?
İblis əməlləri tanımır sərhədd-
Ağırmış həm sənin, həm mənim daşım!
***
Torpaq havalanmış, göylərmi xəstə?
Zərbələr dalbadal, dəstəbədəstə,
Axar sellər kimi uçğunlar üstə
Sənin göz yaşınla, mənim göz yaşım!
***
Yuxulu körpələr xoş arzularda,
Fələk xəbərdarmı- nə batdı, harda?
Matəm saxlayacaq bu il baharda
Həm sənin, qardaşım, həm mənim qışım!
***
"Viranə bir diyar- daha bu ünvan,
Enib döşəməni keçdi göy, tavan,
düşməni odlayar sənin "bəd duan",
Dayağı, sirdaşı mənim qarğışım!
***
Bu deprem nə sayaq Fələyə kölə?-
Nədən hökm elədi Türkü silkələ!
Torpağın üstünü duymadan hələ,
Qardaşım, altıynan nə cür anlaşım?
***
Ahımız, dərdımiz-sərimiz eyni,
Allahlıq millətik- səbrimiz eyni!
Aypara- Ulduzlu qəbrimiz eyni;
Sağ olsun sənin də, mənim də başım!
***
Qoy, bu müsübətin sonuncu olsun,
Acı xəbərlərin yalançı olsun!
Qan kəsən- Tanrının qılıncı olsun;
Bir daha deyirəm: "Sağ olsun başın",
Allah səbri versin, igid qardaşım,
Zülmə dözümlüyük, dözək, qardaşım...
06.02.2023.