“Dövlət başçısı İlham Əliyev «Avropa siyasi birliyi»nin 2-ci Zirvə toplantısında iştirak etmək üçün mayın 31-də Moldova Respublikasında səfərdə oldu. Ölkə Prezidentinin səfər çərçivəsində keçirdiyi görüşlərdə müzakirə olunan məsələlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan roluna, nüfuzuna bir daha aydınlıq gətirdi.

Prezident İlham Əliyevin Moldova Respublikasının Prezidenti Maya Sandu ilə görüşündə iki ölkə arasında münasibətlərin yeni istiqamətlər üzrə inkişafı üçün imkanların mövcud olduğu bildirildi. Həmçinin Moldova Prezidenti Maya Sandu “Avropa siyasi birliyi”nin Kişineuda keçirilən Zirvə toplantısı çərçivəsində dövlətimizin başçısının Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü əsasında Ermənistanın baş nazirinin, Almaniya və Fransa liderlərinin iştirakı ilə keçiriləcək beştərəfli görüşü müsbət addım kimi qiymətləndirdi. Səfərdə diqqət çəkən məqamlardan biri dövlət başçısı İlham Əliyevin Kişineuda “Avropa siyasi birliyi”nin 2-ci Zirvə toplantısı çərçivəsində enerji təhlükəsizliyi məsələsinə həsr edilmiş dəyirmi masada iştirak etməsidir. Ölkə Prezidentinin bu səfərinin Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgiləri ilə eyni vaxta təsadüf etdiyini nəzərə alsaq, qeyd edə bilərik ki, bu gün Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında rolu böyükdür. Ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri dünyanın enerji xəritəsini yenidən tərtib etməklə yanaşı, əməkdaşlığın coğrafiyasının genişlənməsində də öz sözünü deyir. Dövlət başçısının Kişineuda enerji təhlükəsizliyi məsələlərinə həsr olunan dəyirmi masada iştirakı Azərbaycanın etibarlı tərəfdaş kimi artan rolunun və mövqeyinin təqdimatı oldu”.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, “Avropa siyasi birliyi” qitənin ölkələri arasında siyasi əlaqələndirmə platformasıdır: “Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir. “Avropa siyasi birliyi”nin 1-ci Zirvə toplantısı ötən ilin oktyabrında Çex Respublikasının paytaxtı Praqada keçirildi. Zirvə toplantısında ümumilikdə 44 ölkənin dövlət və hökumət başçıları iştirak etmişdir. İlk dəfə keçirilən “Avropa siyasi birliyi” Zirvə toplantısı Avropa ölkələrinin liderlərini bərabərhüquqlu və birlik ruhunda bir araya gətirdi. Yeni siyasi platformanın hər iki Zirvə görüşünə Azərbaycanın dəvət olunması ölkəmizin Avropada artan rolunun göstəricisidir. Paytaxt Kişineudan 35 kilometr məsafədə yerləşən Bulboaka kəndində keçirilən builki Zirvə toplantısında ümumilikdə 50-yə yaxın ölkədən dövlət və hökumət başçıları iştirak edirdilər. Sammitdə liderlər sülh və təhlükəsizliyin təmin edilməsi, enerji təhlükəsizliyinin və Avropada ölkələrarası əlaqələrin gücləndirilməsi mövzularında müzakirələr apardılar. Qurumun builki toplantısında iştirakçıların say tərkibində artım, sözsüz ki, onun məqsəd və məramının, həmçinin müzakirəyə çıxardığı mövzuların aktuallığından irəli gəlir”.

YAP Xətai rayon təşkilatının sədri onu da əlavə edib ki, “Avropa siyasi birliyi”nin 2-ci Zirvə toplantısı Moldovanın tarixində ən böyük beynəlxalq tədbirdir: ““Avropa siyasi birliyi”nin prioritet hesab etdiyi istiqamətlər Azərbaycan üçün də mühüm əhəmiyyət daşıyır və ölkəmiz uzun illərdir ki, sözügedən sahələrdə ciddi və nümunə ola biləcək bir fəaliyyət nümayiş etdirir. «Avropa siyasi birliyi”nin prioritetlərindən biri olan sülh və təhlükəsizlik amilləri Azərbaycanın uzun illərdir təşviq etdiyi məsələlərdəndir. Azərbaycan 30 il işğal dövrünü yaşadı. Bu illərdə ölkəmiz sülh siyasətinə sadiqlik nümayiş etdirərək dünyaya belə bir çağırışı etdi ki, BMT qətnamələrinin, beynəlxalq hüququn norma və prinsiplərinin tətbiqi üçün vahid mexanizm müəyyənləşdirilməlidir. Bəzən BMT qətnamələri 1-2 saat ərzində icra edilir, Azərbaycana gəldikdə isə 28 il gözlədik. Sonda Azərbaycan bu qətnamələri özü təkbaşına icra etdi. Hazırkı dövrün əsas çağırışı isə regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün Ermənistanla sülh müqaviləsinin imzalanmasıdır. Bu prosesin reallığa çevrilməsi istiqamətində aparılan Moskva, Soçi, Brüssel, Praqa danışıqlarının hər biri Azərbaycanın diplomatik uğurlarının davamı kimi dəyərləndirilir. Ötən il Praqada «Avropa siyasi birliyi»nin 1-ci Zirvə toplantısı çərçivəsində Prezident İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə 2 hissədən ibarət olan dördtərəfli görüşü keçirilmişdi. Həmin görüşdə Azərbaycanın beynəlxalq hüququn 5 əsas prinpini özündə əks etdirən sülh təklifi dəstəklənmişdi. Diqqət çəkən məqam bu idi ki, Fransa Prezidenti görüş zamanı bu təklifə dəstəyini ifadə etsə də görüşdən heç bir həftə keçmədi ki, erməni icmasının nümayəndələri ilə görüşündə Azərbaycanın ünvanına əsassız ittihamlar səsləndirdi”.

Vüqar Rəhimzadə bildirib ki, Prezident İlham Əliyevin ardıcıl olaraq “Avropa siyasi birliyi”nin Zirvə toplantılarına dəvət olunması Azərbaycanın sözügedən platformanın prioritet hesab etdiyi istiqamətlər üzrə həyata keçirdiyi uğurlu siyasətin nəticələrindən irəli gəlir: “İyunun 1-də Kişineuda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə üçtərəfli, eyni zamanda, Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts və Fransanın Prezidenti Emmanuel Makronun iştirakı ilə beştərəfli qeyri-rəsmi görüş keçirildi. Beştərəfli görüş müsbət atmosferdə keçdi. Qərara alındı ki, iyulun 21-də Brüsseldə üçtərəfli görüş keçirilsin. Bu dövr ərzində də xarici işlər nazirləri Vaşinqtonda növbəti dəfə görüşəcək. Vaşinqtonda danışıqlar sülh müqaviləsi ilə bağlı olacaq”.

YAP Xətai rayon təşkilatının sədri onu da əlavə edib ki, Fransa və Almaniyanın budəfəki görüşdə iştirakı bütövlükdə qeyri-formal xarakter daşıyır: “Əsas müzakirələr Şarl Mişelin vasitəçiliyi ilə üçtərəfli formatda aparılıb. Bu görüşdə bir daha sülh müqaviləsi üzrə danışıqların intensivləşdirilməsinin vacibliyi qeyd edilib. Fransa Prezidentinin ənənəsinə uyğun olaraq yenə də görüşdən sonra yaydığı bəyanatda bu ölkənin bir daha sülh müqaviləsinin imzalanmasında maraqlı olmadığına işıq saldı. Belə ki, Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında da bildirilir ki, Fransa tərəfindən belə davranışın sərgilənməsi ilk hal deyil və bu, Azərbaycanla Ermənistan arasında sülh prosesinə, bölgədə sülhə və sabitliyə heç də töhfə vermir. “Avropa siyasi birliyi”nin Sammiti çərçivəsində Azərbaycan Respublikasının Prezidenti və Ermənistanın baş naziri arasında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin, Fransa Prezidentinin və Almaniya Kanslerinin iştirakı ilə görüşün yekunları üzrə mətbuata açıqlama ənənəyə uyğun olaraq Brüssel formatının təşkilatçısı kimi Şarl Mişel tərəfindən verilib. Daha sonra Fransa Prezidenti tərəfindən birtərəfli qaydada görüş barədə verilmiş açıqlama tərəflərin mövqeyini əks etdirmir”.

V.Rəhimzadə belə bir ümumiləşdirmə aparıb ki, sülh müqaviləsinin imzalanması istiqamətində aparılan danışıqlarda Brüssel formatı dəstəklənir: “Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin neytral mövqeyi onun vasitəçiliyinin dəstəklənməsində əhəmiyyətli rol oynayır”.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN