Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Gürcüstan siyasətinə qayıtmaq niyyətində olduğunu bildirib.

"Səhhətimə baxmayaraq, Ukraynadakı siyasətdə iştirakla paralel olaraq Gürcüstan siyasətində də fəal iştirak edəcəyəm. Biz Ukraynanın qələbəsini əl-qolumuzu bağlayıb gözləməməliyik, əksinə, yenilikçi və cəsarətli hərəkətlərimizlə də daxil olmaqla, onu yaxınlaşdırmalıyıq”, - Saakaşvili Facebook-da yazıb.

Qeyd edək ki, yanvarda o, ölkədə siyasətlə məşğul olmaq fikrində olmadığını açıqlayıb və siyasi gələcəyini yalnız Ukrayna ilə əlaqələndirib.

O, həmçinin ittiham olunduğu məhkəmələrdə iştirak etməyi planlaşdırır və “bütün milli, anti-Rusiya, Avropa qüvvələrini” birləşməyə çağırır.

Öz növbəsində, Saakaşvilinin müalicə aldığı özəl Tbilisi klinikasının “Vivamed”in klinik direktoru Zurab Çxaidze bildirib ki, keçmiş prezidentin vəziyyəti yaxşılaşıb. "Bu günlərdə biz onun səhhətinin yaxşılaşdığını görürük. O, daha aktivdir, əhval-ruhiyyəsi yaxşıdır", - Çxaidze deyib.

Xatırladaq ki, Ukrayna vətəndaşı olan Saakaşvili 2021-ci ilin oktyabrında keçiriləcək bələdiyyə seçkilərindən bir gün əvvəl Gürcüstana gizli şəkildə gəlib və bundan sonra həbs edilərək Rustavi şəhərində həbs edilib. O, bir sıra cinayət əməllərində, o cümlədən 2006-cı ildə bankir Sandro Girqvlianinin qətlinin təşkilində ittiham olunur. 2022-ci ilin may ayında səhhəti pisləşdiyi üçün Tbilisidəki “Vivamed” özəl klinikasına aparılıb və bu günə kimi oradadır. Gürcüstan hakimiyyətinin mövqeyi ondan ibarətdir ki, Saakaşvili həbsdən çıxmaq üçün səhhətinin ağır olduğunu iddia edir.

Bu il fevralın 6-da Tbilisi Şəhər Məhkəməsi eks-prezidentin vəkillərinin səhhəti ilə bağlı onun azadlığa buraxılması ilə bağlı vəsatətini rədd edib. May ayında Avropa İnsan Haqları Məhkəməsi də Saakaşvilinin vəkillərinin müalicə üçün Varşavaya göndərilməsi tələbini rədd etmişdi.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN