Sosial mediada Gədəbəyin Söyüdlü kəndində, dağın başında Daxili Qoşun əsgərlərinin kənd camaatı ilə qarşıdurmasını əks etdirən fotolar paylaşılır... Bəs, əslində, nə baş verir? 
Tanınmış QHT RƏHBƏRİ Osman Gündüz bu barədı maraqlı açıqlama yayıb, sitat: "...Rəsmi olmayan məlumatlara görə kənd camaatı bu kəndin ərazisində, qızıl, yaxud mis mədənləri ilə əlaqəli inşa edilən süni gölün tikintisinə etiraz edirmiş. İlk baxışdan anlamaq olmur, suallar yaranır ki, dağın başına Daxili Qoşun əsgərləri nə üçün yeridilib? Əsgərlərlə, polislə sadə insanları üz-üzə qoymaq qərarı hansı zərurətdən yaranıb, doğurdanmı problemi həll etmək üçün buna qədər olan bütün vasitələrdən istifadə edilib? Paylaşılan videolarda, heç bir əsas olmadan adi bir kənd sakininə, yaşlı qadına qarşı gözyaşardıcı qazdan istifadə edilməsinin isə ümumiyyətlə, izahı yoxdur. Bu necə ola bilər? Çox təəssüfləndirici bir haldır. Ümid edirəm rəsmilər, səlahiyyətlilər bununla bağlı açıqlamalar verəcəklər. Görəsən, ərazidə adı çəkilən işləri aparmaq üçün qanuni əsaslar olubmu? Əgər kiminsə əlində burada hansısa işləri görmək üçün qanuni əsaslar olubsa və kənd camaatından kimlərsə buna mane olub, qanunu pozublarsa, görəsən, bu poblemi həll etməzdən öncə bir maarifçilik işləri, izahat işləri aparılmalı deyildimi, vətəndaş cəmiyyətini və medianı cəlb edib bir ictimai müzakirələr aparmaq olmazdımı, kənd camaatı ilə, necə deyərlər halallaşmaq lazım deyildimi? Əgər dövlət maraqları üçün hansısa layihələr icra olunacaqdırsa, hansı ki, indiyədək yüzlərlə belə layihələr icra olunub, amma Daxili Qoşunlara ehtiyac olmayıb. Ümid edirəm cəmiyyəti narahat edən bu məsələ ilə bağlı Gədəbəy İcra Hakimiyyəti, hökumət və DİN ağlabatan bir açıqlama verəcəklər...".
Tanınmış QHT rıhbəri Mirvari Qəhrəmanlının da paylaşımı diqqəti çəkir: "...Ölkəmin imicinə beynəlxalq aləmdə vurulacaq ciddi zərbə. Gədəbəy rayonu, qızıl zavodunun yaratdığı(yarada biləcəyi) ekoloji fəsaddan narazı olan aksiya iştirakçısı olan qadına tətbiq olunan zorakılıq! Qeyd: 2012- ci ildə biz Gədəbəy qızıl zavodunun ətraf sosial mühitə təsirinin monitorinqini aparmışdıq. Düşünürəm ki, əhalinin narahatlığı əbəs deyil, ETSN problemi araşdırmalı, əhaliyə qarşı zor tədbiq edən və bu komandanı verən şəxslər cəzalanmalıdır...".
Bəli, bəzən kimin və ya kimlərinsə adi bir telefon zəngi ilə verilən əmri Azərbaycanın imicinə zərbə vuran nəticələrə gətirib çıxarır. Niyə, nəyin naminə?! Problemi araşdırıb sonra vacib olan o tədbiri görmək bu qədərmi çətin idi!?
A.Məmmədli
23038047-fee2-4275-bfd0-fc5953875567
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN