Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və AZAL rəhbərliyinin Milli Məclisin deputatları ilə görüşü keçirildi. Görüşdə 30 deputat çıxış etdi və bəlkə də 200-ə yaxın sual və təkliflər səsləndirildi. Bizə bu imkanı yaratdığı üçün Milli Məclisin rəhbəri Sahibə Qafarovaya, 1-ci vitse-spiker Əli Hüseynliyə isə hər kəsə çıxış üçün yaratdığı şəraitə görə təşəkkür edirəm.

Bunu Milli Məclisin deputatı, Razi Nurullayev sosial şəbəkə hesabında bildirib.

O, qeyd edib ki, görüş çox faydalı olub:

“İlk dəfə idi ki, Milli Aviasiya Şirkəti ilə belə bir görüş keçirilirdi. Biz tənqid edirdik, danışırdıq, tələb edirdik, onlar isə sanki qulaqardına vururdu. AZAL rəhbərliyi dəyişib. Yeni rəhbər Samir Rzayev və komanda heyəti çox müsbət təəssürat yaratdı. Məncə, hər kəs bəyəndi və razı qaldı. Aydın, səlis, şəffaf vizyonları və planları var. Yaxın və uzaq strategiya hazırlaya biliblər. Əsas odur ki, AZAL bir nəfərin iradəsinə tabe deyil - korporativ idarəetmə sistemi qurulub və ya hələ də qurulmaqdadır.

Demək olar ki, xalqı maraqlandıran bütün sualları verdik və bəzi cavabları aldıq. Müzakirələr Parlamentdə payız sessiyasında aviasiya haqqında yeni qanunla birlikdə yenə davam edəcək.

Yeri gəlmişkən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəhbərliyinə də təşəkkür edirəm. Görüşdə Birinci müavin Rəhman müəllim xeyli zəhmət çəkdi və sualları cavablandırdı. Bütövlükdə isə mən nazir Rəşad Nəbiyevin, rəhbər heyətinin və bütövlükdə kollektivinin fəaliyyətindən razılığımı bildirmək istəyirəm”, - deyə deputat bəyan edib.

 Daha sonra Razi Nurullayev adıçəkilən quruma ünvanlanmış sualların ən yaddaqalanlarını qeyd edib:

 

“ - Qiymətlər aşağı salınacaqmı?

Qiymətlərin aşağı salınması üzərində müzakirələr gedir və bir az zaman alacaq. Amma, müxtəlif istiqamətlər üzrə kifayət qədər endirimli aksiyalar olacaq. Yəni qiymətlərin optimallaşdırılması baş verəcək və zaman-zaman qiymətlər enəcək. BUTA Azal ilə birləşdirilib və AZAL Budget yararadılıb ki, o da aşağıbüdcəli qiymətlər təklif edir.

-Aşağı büdcəli reyslər olacaqmı?

AZAL aşağı büdcəli xarici şirkətlərə bütün imkanları yaradıb və yaratmaqdadır ki, onlar gəlsinlər. Artıq 10-a yaxın aşağı büdcəli xarici şirkətlərə lisenziya verilib və onlar fəaliyyət göstərirlər. Onlara təklif olunur ki, regionlarda olan hava limanlarımızdan pulsuz belə istifadə etsinlər, amma onlar ciddi maraq göstərmir. Çünki, sərnişin sayı o qədər də çox deyil.

-Yeni istiqamətlər üzrə reyslər olacaqmı?

Artıq 20-yə yaxın istiqamət üzrə uçuşlar təşkil edilib və ilin sonuna kimi də daha yeddi istiqamət üzrə uçuşlar təşkil ediləcək.

-Regionlarda olan hava limanları necə istifadə olunur?

Hələ ki, zəif. Amma, onların səmərəli fəaliyyət göstərməsi üçün işlər aparılır və nəticələr olacaq. Səbəb sərnişin sayının az olmasıdır.

-Tələbələrə güzəşt olacaqmı?

Artıq İstanbulda oxuyan tələbələrə 30% güzəşt edilir, Ankara və digər şəhərlər isə yaxın zamanda güzəştlərə qoşulacaq. Ondan sonra isə bütün ölkələr üzrə tələbələrə güzəştlər tətbiq ediləcək. Bu isə yəqin ki, gələn ildən olacaq. Türkiyədə oxuyan tələbələrsə bu ildən yararlana biləcəklər.

-Qiymətlər niyə bahadır?

AZAL qiymətlərin bəzi reyslərdə baha olması ilə razıdır, amma bütövlükdə isə müqayisədə normal qiymətlər olduğunu deyir. Bəzi qiymətlərin isə onlardan asılı olmadığını əsas gətirir. Məsələn, Şimali Qafqaz sanatoriyalarına uçuş çox bahadır. “Minvodi” hava limanı çox kiçikdir və böyük təlabat olduğu üçün onların tətbiq etdikləri tarif o qədər bahadır ki, ya gərək uçmayasan, yaxud uçsan da qiymət endirimi mümkün deyil.

-Niyə biletlər Gürcüstanda ucuz, bizdə isə bahadır?

Cavab oldu, amma zənnimcə qənəatbəxş olmadı. Tam başa düşə bilmədim. Yeganə tutarlı əsas budur ki, onların təyyarələri hər zaman doludur və boş yer yoxdur. Bizim təyyarələr isə tam dolmur. Məsələn, bizə il ərzində bir yarım milyon turist gəlir, Gürcüstana isə 5 milyon. Sual oldu ki, təyyarə bileti uczudur deyə gəlirlər. Cavab isə “xeyr”dir. Gürcüstan demək olar ki, bütün ölkələrə vizasız gediş-gəliş imkanı yaradıb.

-AZAL nə zaman daha yaxşı və ucuz xidmətlər göstərə biləcək?

Hazırda AZAL-ın cəmi 26 təyyarəsi var. Onlar isə 8 tipə bölünür. 8 cür təyyarəyə xidmət etmək böyük məsrəflər tələb edir. Dünyada qəbul olunmuş praktika budur ki, təyyarələr iki tip üzrə alınır ki, onlara xidmət asan və ucuz olsun. AZAL bu məsələ üzərində işləyir. 2032-ci ilə kimi daha 20 təyyarə sifariş edilib və bunlar Boeing və AirBus təyyarələridir. Hər il 2-3 təyyarə AZAL-ın parkına daxil olacaq. Bundan başqa AZAL təyyarələr icarəyə götürüb işlətmək istəyir və bu da xeyli üstünlüklər yaradacaq", - deyə Razi Nurullayev qeyd edib.

 

Xatırladaq ki, Razi Nurullayev AZAL rəhbərliyi ilə görüş keçiriləcəyi barədə əvvəlcədən sosial şəbəkə vasitəsi ilə  məlumat paylaşmışdı. Və vətəndaşlara hansı suallar vermək istədiklərini də soruşmuşdu.   

 

Y.MƏMMƏDLİ

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN