AĞIR DAŞLAR ALTINDA -(patetik fantaziya)
Bu gün böyük Ustad Məmməd Arazın anım günüdür. 10 il əvvəl ona həsr etdiyim “Ağır daşlar altında” adlı yazımı xatırladım. Bu anım günündə götürüb bir də oxudum. Və “Ruhun şad olsun, Ustad!” – deyib, həmin yazıdan bir parçanı hörmətli oxucularla da paylaşmaq istədim...
***
…Məmməd Arazı gördüm.
Danışdıq, danışdıq, bir daha danışdıq…
Tanrıdan başqa kimsənin köməyi olmadan!
Sağlığında bu qədər danışamazdıq. Hər görüşəndə gözlərini gözümə dikib baxar, astadan nəsə pıçıldayardı. Üzündən öpəndə qulağımı yaxına tutardım ki, dediyini eşidəm. Ancaq təkcə nəfəsindən qopan səsləri duyardım. Sözləri anlaşılmazdı. Sövq-təbii hiss edərdim ki, mühüm məqamlar anlatmaq istəyir. Ancaq anlaşılmadığını sezdirmədən səsli fikirlərini havada tutub təxmin etdiyim qədər mənalandırmağa çalışardım. Zəif səsinin yalnız bəzi fraqmentlərini Sözə çevirə bilərdim və Sözə çevirə bildiyim o nəfəs qırıqlarından cümlə qurardım... Hiss edirdim ki, ömrünü böyük səmavi amallara həsr edib yerdəki xırdalıqlarla çarpışmağa məhkum olan bu qeyri-adi İnsanın ürəyi qızıl yatağıdır; illərin deyilməmiş kəlmələri yığılıb ora ağırlıq verir, ağrı verir. Üzündəki əzab dumanı da o yataqdan qalxır. Lakin nəfəsini ordakı qızıl sözlərlə doldurub fırtına timsalı dünyaya püskürə bilmir, ürəyinə ağırlıq verənləri hər an deyə bilmir. Və yalnız ən adi istəklərini onu qəlbən duyan, sevən, dərk edən və ona qarşı onun özü qədər həssaslıq göstərənlərə anlada bilir, gözlərini həmfikrinin üzünə dikib səmimi sevgi ilə, ümidlə baxır, baxır, baxırdı…
“Dağılasan belə dünya!”
Bir Səbrli Peyğəmbər sayağı zavallı xalqı üçün dinclik, rahatlıq, gözəllik axtara-axtara qırx il sitəm səhrasında dolaşan, bir Günahsız Peyğəmbər kimi özgələrinin günahını çiyinlərinə alıb dərd dağında çarmıxa çəkilən, bir Müdrik Peyğəmbər təkin cahillərə Doğru Yolu tanıtmaq üçün tənha hücrələrdə qayalardan Söz çapan bu Göylər Adamının hərdən mənə qarşı da xəfif lütfünü görüncə çox duyğulanar, qürurlanar, ona daha da isnişərdim. Belədə ən doğma adamlar kimi biz də hərdən ancaq bir-birimizə baxmaqla danışardıq…
***
…İndi nə vaxt gəldiyini bilmədim.
Bir onu gördüm ki, söhbət edirik. Tanrıdan başqa kimsənin köməyi olmadan danışırıq. Açıq, aydın, səmimi...
Mən daha qulağımı onun sifətinə yaxınlaşdırmırdım. Nəfəsini uzaqdan duyur, səsini aydın eşidirdim. Yaşadığı bir ömürə min ömürlük əzab yüklənmiş, tikanlı səhralardan Söz atıyla mərd-mərdanə keçmiş, gücünü qapısı bağlı göylərdən almış bu günahsız cəfakeşin cənnət mehi kimi mülayim nəfəsindən qopan səslər dalğa-dalğa ətrafa yayılırdı. Gözlərindən axan aramsız fikir zərrələri göy üzündə sayrışırdı. Qətiyyətli səsi fəzada anidən əzəmətli sözlərə çevrilib işıq saça-saça qəlbimə, beynimə, yaddaşıma yağırdı. Tarıma çəkilən tar simi kimi gərilmiş səsinin metal qoxulu sədası ərşi bürümüşdü...
Anladım ki, bütün vücudumu saran bu səs-səda haralardasa oralarda, lap yuxarılarda, Tanrıya ən yaxın yerlərdə qərar tutmuş Məmməd Arazın ruhudur. Fəzada sayrışanlar isə ölümsüz Söz Ustadının qəlbindəki qızıl yatağından çıxan parıltılı fikir-düşüncə külçələridir. Hey axır, gəlir, keçir...
Ürəyi boşaldıqca Şair dincəlir.
Hər şey çox təbii, qavranılan idi. Təəccüblü təkcə o idi ki, mən böyük ədibi gördüyümün, səsini-sözünü aydın duyduğumun fərqində deyildim. Rahat-rahat danışmasına heyrət etmirdim. Sadəcə sakit-səssiz ənginlikdə əmin-arxayın gəzir, dolaşır, dərdləşirdik...
Akif ƏLİ,
fəlsəfə doktoru,
yazıçı-publisist
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN