Ermənistan İstintaq Komitəsi (İK) ötən gün sərhəddə saxlanılan hərbçimizi təxribat törətməyə cəhddə və Ermənistan qanunvericiliyinin digər pozuntularında ittiham edib.
Tezadlar.az xəbər verir ki, bu barədə idarənin məlumatında deyilir.
“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Ruslan Eldəniz oğlu Pənahov barəsində təxribat törətməyə cəhd, başqalarının həyatı üçün təhlükəli üsulla adam öldürməyə cəhd, dini nifrət, dözümsüzlük və düşmənçilik, odlu silah və döyüş sursatlarının qeyri-qanuni daşınması, odlu silah və döyüş sursatı qaçaqmalçılığı və Ermənistan Respublikasının dövlət sərhədinin qanunsuz keçməsi, o cümlədən milli zərurətdən adam öldürməyə cəhd maddələri ilə cinayət işi başlanıb”, - məlumatda deyilir.
Xatırladaq ki, fevralın 28-də Ermənistan Milli Təhlükəsizlik Xidməti iki ölkə sərhədində azərbaycanlı hərbçinin saxlanması barədə məlumat yayıb. Daha sonra Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti Azərbaycan ordusunun əsgəri Ruslan Pənahovun əlverişsiz hava şəraiti səbəbindən Ermənistanla sərhəddə yerləşən Laçın rayonu ərazisində itməsi barədə məlumat yayıb.
E.ŞİRİNOV