Tverdə dünyasını dəyişən Azərbaycan Silahlı Qüvvələrinin sabiq baş cərrahı, polkovnik, tibb elmləri doktoru, əməkdar həkim, professor Famil Babayev bu gün “Qurd Qapısı” qəbiristanlığında dəfn edilib.

Xəbər verdiyimiz kimi, martın 27-də Tver Dövlət Tibb Universitetinin (TvDTU) cərrahiyyə fakültəsinin kafedra müdiri, tibb elmləri doktoru Famil Babayev qəflətən dünyasını dəyişib.

Martın 28-də Tver Dövlət Universitetində, bu gün isə mərhumla Bakıdakı evində vida mərasimi keçirilib. Professor Famil Babayev Müdafiə Nazirliyinin Fəxri qarovul dəstəsinin müşayiəti ilə son mənzilə yola salınıb.

Qeyd edək ki, Famil Əlikərəm oğlu Babayev 1967-ci il yanvarın 2-də Haçıqabul rayonunda dünyaya göz açıb. Şəhər 9 nömrəli (indiki 6 nömrəli) orta məktəbi bitirib. Məktəbi "Əla" qiymətlərlə başa vuran Famil Babayev Azərbaycan Dövlət Tibb Universitetinin cərrahiyyə fakültəsinə qəbul olub. 4-cü kursdan sonra təhsilini Rusiyada davam etdirib.

...Vətənin dar günündə - birinci Qarabağ müharibəsi başlayanda Azərbaycana qayıdan Famil Babayev həkim kimi Qaradağ rayonunun Ələt qəsəbəsindəki Hərbi Hospitalda fəaliyyətə başlayıb və ön cəbhədə yaralı əsgərlərimizə xidmət edib.

1992-ci ildən isə Bakıdakı Baş Klinik Hərbi Hospitalda fəaliyyətini davam etdirməyə başlayıb. 2007-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin baş cərrahı vəzifəsində fəaliyyət göstərib və tibb xidməti polkovniki rütbəsinə yüksəlib.

O, Qarabağ savaşında yaralı əsgərlərimizin köməyinə tələsib, onların həyatını qurtarmaq üçün mücadilə aparıb. Onunla vaxtilə çərrahiyyə şöbəsində çalışan tibb işçilərinin sözlərinə görə, yüksək tibbi biliyə, bacarığa sahib olan Famil Babayev fasiləsiz, ardıcıl olaraq cərrahi əməliyyatlar aparıb. Hətta Ağdamda yaralı əsgərləri əməliyyat edərkən qida qəbul etməyə vaxtı olmayan cərraha şirinçay verərək, onu ayaqda saxlayıblar… O, vaxtilə Şuşanı ən son tərk edənlərdən olub - yaralı əsgərlərimizə sonadək yardım edib. Klinik Hərbi Hospitalın aparıcı cərrahı olan Famil Babayev 2016-cı il Aprel döyüşləri zamanı da gecə-gündüz yaralı əsgərlərimizin yanından ayrılmayıb. O, vətənpərvər, xalqını sevən, işinə məsuliyyətlə yanaşan, daima xəstələrini düşünən cərrah və əsl insan olub. Zamanının böyük hissəsini onun şəfalı əllərinə möhtac insanlara yardım etməkdə keçirib.

F.Babayev 60-dan çox elmi əsərin, bir neçə monoqrafiyanın və tədris vəsaitlərinin, ixtiralara dair üç patentin müəllifi olub.  Almaniya, ABŞ və Türkiyə universitetlərində təcrübə keçib, cərrahiyyənin inkişafına mühüm töhfələr verib. Famil Babayev 2017-ci ildən Tver Dövlət Tibb Universitetində fəaliyyət göstərməyə başlayıb. Universitetin onun barəsində yaydığı nekroloqda “Koronavirus infeksiyasının qızğın çağında Babayev bu bəladan kənarda qalmadı. Universitetdə kafedra müdiri olarkən könüllü olaraq “qırmızı zona”da əməli işə keçdi. O, 6 saylı Şəhər Kliniki Xəstəxanasının bazasında yerləşən Yoluxucu Xəstəliklər Xəstəxanasına müdir təyin edildi, hansı ki, koronavirus xəstələrinə cərrahi yardım göstərilirdi”, - deyə bildirilir. Onunla Tverdə birgə çalışan həkim həmkarları da paylaşımlarında Famil Babayevin tibb elmi üçün böyük itki olduğunu qeyd ediblər.  Həmkarı Georgi Vakulin “27 марта в 12:30 скоропостижно скончался заведующий кафедрой факультетской хирургии Тверского медуниверситета, доктор медицинских наук Бабаев Фамиль Аликерам оглы. Неожиданная и совершенно жуткая потеря для всей медицины верхневолжского края. Как будто звезда зажглась на нашем небосклоне в 2017 году, когда Фамиль Аликерамович приехал в наш город и возглавил кафедру. Блестящий хирург, эрудированный, грамотный, необыкновенно деликатный и культурнейший человек, с невероятной работоспособностью, полетом научной мысли. Можно говорить о нем высокопарные слова бесконечно, но… уже в прошедшем времени. Как пережить эту утрату и продолжать работать дальше пока не понятно. Глубочайшие соболезнования родным.”, - deyə o, sosial şəbəkəsindəki hesabında qeyd edib.

Famil Babayevin vəfatı Azərbaycanın tibb aləmi üçün böyük itkidir. Belə insanlar dünyaya az-az gəlir – istedad kimi doğulur, ulduz kimi parlayır... Onun gələcəkdə də ölkəmizdə fəaliyyət göstərməsi Azərbaycan tibb sahəsinə böyük elmi tapıntılar, ixtiralar gətirəcəkdi. Çox təəssüf ki, böyük potensiala, təcrübəyə, elmi biliklərə malik Famil Babayevi tez itirdik - Azərbaycan tibb elmi isə Famil Babayevi Tverə gedərkən itirdi... Min kərə təəssüf... Və bu arada, nədənsə, nə uzun illər çalışdığı Klinik Hərbi Hospitaldan, nə də Müdafiə Nazirliyimizdən ömrünü öz xalqının sağlamlığı keşiyində dayanmağa həsr etmiş əvəzsiz cərrahın, podpolkovnikin vida mərasiminə gül çələngi  - əklil göndərilməmişdi...

 

Allah rəhmət eləsin!

Y.MƏMMƏDLİ

 

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN