"Çox təəssüf ki, bəzi vətəndaşlarımız Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumatlara istinad etmək əvəzinə, qeyri-rəsmi mənbələrdən əldə etdikləri məlumatlara fikirlərini də qataraq real informasiya kimi cəmiyyətə çatdırırlar. Hərbi sahə qapalı sahələrdən biridir. Hərbi yönlü məlumatı yaymaq üçün Müdafiə Nazirliyinin Mətbuat Xidməti var. Mətbuat Xidməti ona görə yaranıb ki, məhz cəmiyyətə məlumatı verərkən orduya xələl gətirə biləcək məlumatlar nəzərə alınsın, sirri verməmək üçün informasiya süzgəcdən keçirilsin. Biz Vətən müharibəsində qələbə qazandıq. Müharibə zamanı da bu məsələ ilə bağlı çox böyük maarifləndirmə işləri aparıldı. Sosial şəbəkələrdə bununla məşğul olan şəxslər çox düzgün istiqamət götürdülər. Hətta materiallarını tam şəkildə dövlətin tərəfindən, vətəndaşlıq mövqeyini nəzərə alaraq paylaşırdılar".

Bunu ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib.

O, bildirib ki, Vətən müharibəsində qələbə qazanılıb, amma informasiya sahəsində müharibə həmişə davam edir: “Ermənistanla hələ nə sülh müqaviləmiz var, nə də onlar bizim sərhədlərimizi, ərazi bütövlüyümüzü tanıyıblar. Belə olan təqdirdə, müharibə şəraitindəyik, sadəcə, aktiv döyüşlər getmir. Atəşkəs deyə bir ifadə işlənilir. Atəşkəsə dövlət sərhədində öz vətənimizi qoruyaraq riayət edirik. Ona görə də informasiya sahəsində daim müəyyən səylər göstərilməkdədir. Son zamanlar artan təxribatlar fonunda sosial şəbəkələrdə də aktivlik müşahidə olunur. Deyəsən, biz hardasa müəyyən şəkildə düşmənə imkan yaratmışıq ki, onlar bəzən soyadlarımızdan istifadə edib istiqamətləndirilmiş, maraqlarımıza zidd olan məlumat yayırlar. Bizim sosial şəbəkələr isə bu məlumatları götürüb daha da çox şişirdərək, ora öz fikirlərini də qataraq müzakirəyə çıxarırlar. Bu da yolverilməzdir. Bu məsələdə çox diqqətli olmaq, ciddi yanaşmaq lazımdır”.

Ş.Ramaldanov deyib ki, hibrid müharibənin ilkin mərhələsi informasiya sahəsinin ələ keçirilməsidir: “Rusiya-Ukrayna müharibəsi fonunda da biz bunu görürük. Hərbi və ya hava sahəsində üstünlük Rusiya tərəfindədirsə, informasiya sahəsində nəzarət və üstünlük tam şəkildə Ukraynada, Ukraynanı dəstəkləyən güclər tərəfindədir. Ona görə də informasiya sahəsi bu gün çox ciddi və güclü silahdır. Bu sahədə düşmənə üstünlük qazanmağa imkan vermək olmaz. Müharibədə bloqerlərimiz sosial şəbəkələr çox aktiv idi. Düşmənə layiqincə cavab verirdilər. Hətta bəzi yazıları oxuyanda məmnun olurduq ki, doğrudan da müharibə təcrübəsindən keçən yalnız ordumuz deyil. İnformasiya sahəsi də müharibə təcrübəsindən keçir. Çox düzgün layiqli cavab verərək informasiya müharibəsinə sinə gələ bilirdik. Ancaq son zamanlar narahatlıq doğuran məlumatlar çoxdur. Ordunun nüfuzunu aşağı salmaq istəyirlər. Şəkillər, hərbi texnika, hansısa hərbi yönlü məlumatları sosial şəbəkələrdə yerləşdirmək dövlət sirrinin və tələblərinin pozulmasıdır. Başa düşmək olar, ola bilsin, bunu paylaşan mülki şəxsdir və burda heç bir problem görmür. Ancaq mütəxəssislər, kəşfiyyatçılar, xarici kəşfiyyat üzvləri sosial şəbəkələri nəzədən keçirirlər. Sosial şəbəkədə hərbi bloq düşmən tərəfindən ən çox diqqət cəlb edən bloqdur. Düşünürəm ki, yenə bu istiqamətdə maarifləndirmə işləri aparılmalıdır. Cavabdehliyi artırmaq lazımdır. Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin yaydığı məlumatdan kənara çıxmağa heç kimin ixtiyarı yoxdur. Hərbi sahə ciddi sahədir. Bunu hər kəs anlayır. Necə ki, hərbi hissələrimizə, təlimlərin keçirildiyi ərazilərdə giriş nəzarət altındadır və heç kim buraxılmır. İnformasiya sahəsində də hərbi məlumatlar çox ciddi şəkildə nəzarət altına alınmalı, xəbərdarlıq edilməlidir. Hətta qanun çərçivəsində məsuliyyətə cəlb olunmalıdır”.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN