Moskvanın Basmannı məhkəməsi Rusiya Ədliyyə Nazirliyinin "Sohnut" yəhudi agentliyinin ləğvi ilə bağlı iddiası üzrə məhkəməni onun nümayəndəsi Andrey Qrişayevin tələbi ilə ikinci dəfə bir ay təxirə salıb.
Bu barədə bazar ertəsi məhkəmə zalından TASS-ın müxbiri məlumat verib.
"Məhkəmə Soxnut nümayəndəsinin vəsatətini təmin edib və iclası 19 oktyabr 2022-ci il tarixinə təxirə salıb", - hakim Olqa Lipkina bildirib.
İyulun 21-də Moskvanın Basmannı məhkəməsi bildirib ki, Rusiya Ədliyyə Nazirliyi tərəfindən Rusiyada muxtar qeyri-kommersiya təşkilatı statusuna malik olan "Sohnut" agentliyinin ləğvi tələbi ilə iddia qaldırılıb. Həmin gün İsrailin baş naziri Yair Lapid məsələ ilə bağlı təcili iclas keçirib. Nəticədə, "Yəhudi agentliyinin Rusiyada fəaliyyətinin davam etdirilməsini təmin etmək" tapşırığı ilə Rusiyaya hökumət nümayəndə heyətinin göndərilməsi qərara alınıb. Lapid vurğulayıb ki, İsrail diplomatik yollarla Rusiya Federasiyasında “Sohnut”un işini davam etdirməyə çalışacaq. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "Sohnut" agentliyi ətrafındakı vəziyyəti siyasiləşdirməməyə və bunu Rusiya-İsrail münasibətlərinin bütün spektrinə yönəltməməyə çağırıb. Eyni zamanda o əlavə edib ki, Rusiya Federasiyasındakı bütün təşkilatlar ölkə qanunlarına əməl etməlidir.
"Sohnut" İsraildə yerləşən beynəlxalq təşkilatdır və ölkəyə repatriasiya və repatriantlara yardım, həmçinin yəhudi-sionist təhsili və qlobal yəhudi icması ilə bağlı məsələlərlə məşğul olur.
E.ŞİRİNOV