Sudanın cənub-şərqində yerləşən Mavi Nil bölgəsində tayfalararası qarşıdurmalarda 150 nəfərin həlak olduğu bildirilib.
Milli mətbuatda yer alan xəbərə görə, illərdir düşmənçilik edən və ötən ilin iyul ayında şiddətin yenidən alovlandığı Mavi Nildə tayfalar arasında oktyabr ayının 19-20-də şiddətin yenidən alovlandığı qarşıdurmada təxminən 150 adam həyatını itirib, onlarla insan yaralanıb.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Sudandakı Keçid İnteqrasiya Missiyası (UNITAMS) Mavi Nil bölgəsində və Qərbi Kürdufan əyalətində tayfalar arasında "ölümcül" zorakılığın artmasından ciddi narahatlığını ifadə edib: “Yerli icmaların ehtiyaclarını, o cümlədən davamlı sülh və təhlükəsizliyi prioritetləşdirən və münaqişənin əsas səbəblərini həll edən tam funksional, etibarlı hökumət olmadan zorakılığı dayandırmaq mümkün olmayacaq”.
Birləşmiş Millətlər Təşkilatının Humanitar Koordinasiya Ofisi OCHA oktyabrın 17-də açıqlayıb ki, Mavi Nildəki Vad əl-Mahi qəsəbəsində torpaq mübahisəsi səbəbiylə Hausa və digər qəbilələr arasında baş verən qarşıdurmalarda 13 nəfər ölüb, mindən çox adam didərgin düşüb.
İYULDA QARŞIDURMADA 109 NƏFƏR ÖLÜB
Sudanın Səhiyyə Nazirliyi iyul ayında Mavi Nil bölgəsində Hausa və Hemec qəbilələri arasında baş verən qarşıdurmalarda 109 nəfərin öldüyünü açıqlayıb.
Qarşıdurmanın Hemec tayfasının bölgəyə doğma olmadıqlarını əsas gətirərək Hausa qəbiləsini bölgədən çıxarmaq istəməsi ilə başladığı iddia edilib.
Ordunun Çevik Dəstək Qüvvələrinin Barışıq Komitəsinin vasitəçiliyi ilə aparılan danışıqlar nəticəsində münaqişə tərəfləri olan Hausa və Hemek qəbilələrinin rəsmiləri “döyüş əməliyyatlarının dayandırılması” haqqında saziş imzalayaraq zorakılığa son qoyulması barədə razılığa gəliblər.
OCHA Sudanın cənub-şərqindəki bu qəbilə qarşıdurmaları nəticəsində 31 mindən çox sakinin evlərini tərk etmək məcburiyyətində qaldığını açıqladı.
OCHA-nın oktyabrın 19-da verdiyi açıqlamada, Kürdufanın qərbində yerləşən Laqava şəhərində Mesiriyye tayfası ilə Nuba tayfası arasında torpaq davası səbəbiylə 13-15 oktyabr tarixlərində baş verən zorakılıqda 12 nəfərin öldüyü qeyd edilib.
E.ŞİRİNOV