Emil Rasimoğlu:“...AYB tərəfindən bunula bağlı qəbulolunmazlıq var idi”.

AYB-nin üzvü, Prezident təqaüdçüsü  Emil Rasimoğlu və AYB Gənclər Şurasının üzvü, Prezident təqaüdçüsü Fuad Cəfərli TEZADLAR.TV-nin qonağı olublar.

Hər iki şair oktyabrın 26-da  keçirilmiş Azərbaycan Yazıçılar Birliyinin XIII Qurultayında baş verən xoşagəlməz olayla  bağlı TEZADLAR.TV-nin efirindən irad və təkliflərini bildiriblər.

 Emil Rasimoğlu qeyd edib ki, hələ 2019-cu ildə namizədlikləri barədə AYB-ni məlumatlandırıblar.

“Hələ o zaman biz sədrlik postuna namizədliyimizi ictimaiyyətə, mediaya açıqlamışdıq. Həmin dönəmdə AYB-nin rəhbər heyətindən  bizə müxtəlif səpkili fikirlər sərgilənmişdi. Onların sırasında təpkilər, təzyiqlər... də vardı”, - deyə bildirib.

O, vurğulayıb ki, AYB-nin Nizamnaməsinə uyğun olaraq namizədliklərini vermək istəyiblər.

“Nizamnamədə qeyd edilib ki, AYB üzv olan şəxs Qurultaya nümayəndə seçilirsə, sədrliyə namizədliyini də verə bilər. Lakin AYB tərəfindən bunula bağlı qəbulolunmazlıq var idi.

... Bir neçə gün əvvəl mən və Fuad Cəfərli AYB sədrliyinə namizədliyimizi irəli sürdük. Qurultaydan bir neçə gün öncə də fikirlərimizi mediaya, ictimaiyyətə açıqladıq. Həm də mütləq hüquqi bir məsələ də vardı ki, bu, bizim hüququmuz idi. Biz əslində hamı kimi Qurultaya qatılmışdıq. Orada elm adamları, qələm adamları... vardı. Yəni 300-dən yuxarı Qurultay iştirakçısı vardı.  Və təbii ki, bizim namizədliyimiz səsə qoyulmalıydı və namizəd kimi bizə söz verilməliydi. Bu, bizim hüquqi  haqqımız idi. Biz Qurultaya qatıldıqdan sonra Elçin Hüseynbəylini də məlumatlandırdıq ki, bizə çıxış üçün şərait yaradılsın. O isə bildirdi ki, mən bir söz demirəm, sadəcə olaraq Rəşad Məcidə də bu fikri çatdıraq ki, nəzərində saxlasın. Fuad bəy də Rəşad Məcidin şəxsən özünə bildirib ki, bizə söz verilsin...

Lakin proses istənilən kimi getmədi. Üçüncü hissə başladı - bir neçə çıxışlar oldu. Və Rəşad Məcid sözü “Xalq Yazıçısı” Elçinə verdi. Elçin müəllim də üzünü Qurultay nümayəndələrinə tutaraq bildirdi ki, “Təklif edirəm ki, çıxışları dayandıraq”. O zaman mən gördüm ki, Qurultay yekunlaşmaq üzrədir, lakin bizə söz verilmir. Ona görə ayağa qalxdım və ehtiramla bildirdim ki, bizim namizədliyimizi səsə qoyun. Elçin müəllim razılığını bildirdi. O, çıxışını bitirdikdən sonra Rəşad Məcid ayağa qalxdı və Anarın namizədliyini birbaşa elan etdi. Anarın namizədliyi alternativsiz olaraq irəli sürüldü. Hansı ki, biz əvvəlcədən Rəyasət Heyətini həm əvvəlcədən media vasitəsilə, həm də Qurultay zamanı (nəzərlərindən qaçmasın deyə) məlumatlandırmışdıq”,  - deyə yazıçı bildirib.      

Emil Rasimoğlu qeyd edib ki, səsvermənin başlanmasını gördükdə Fuad bəylə birlikdə Qurultaya kəskin şəkildə etirazlarını bildiriblər.

“ Və ondan sonra istəməyərəkdən elə vəziyyət alındı... Şəxsən mən bu etirazda özümü haqlı bilirəm, çünki mənim orada hüquqlarım, haqlarım tapdanırdı”, - deyə o, əlavə edib.   

Xatırladaq ki, hər iki şair XIII Qurultayın nümayəndəsi kimi qeydə alınıblar. Onlar Qurultayda AYB sədrliyinə namizədliklərini versələr də, səsverməyə çıxarılmayıblar və beləliklə, “Xalq Yazıçısı” Anar alternativsiz olaraq səsverməyə çıxarılıb və təbii ki, qalib gələrək daha 5 il müddətinə sədr seçilib.

...Bundan sonra Qurultayda baş verənlərə hər iki gənc şair etirazlarını bildirib və qalmaqal yaşanıb. Baş verənlər sosial şəbəkələrdə, ictimaiyyət arasında geniş rezonans doğurub, müzakirələrə yol açıb.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN