“Yadımdadır ki, rəhmətlik ustad şairimiz Məhəmmədhüseyn Şəhriyar atamla dost idi. Həftədə bir neçə dəfə bizim evə gələrdilər çay içərdilər”.
Bunu TEZADLAR.TV-nin efirində qonaq olan Fransada yaşayıb fəaliyyət göstərən, Azərbaycan əsilli fotoqraf – jurnalist Reza Deqati deyib.
“Demək olar ki, Qarabağ məsələsi 30 ildir ki, gecə-gündüz fikrimdə olub. Mənim həm Qarabağın işğal altında olduğu dövr yaddaşımdadır, həm də indiki dövrü – iki il əvvəl erməni işğalından azad edildiyi zaman. Azad edildiyi dövrdən sonra kəndbəkənd, şəhərbəşəhər gəzərək ermənilərin hər sahədə bütün təxribatlarını – mədəni, dini, ekoloji, insanları vəhşicəsinə qətlə yetirmələrini... çəkirəm. Bundan başqa, bu iki il ərzində Qarabağda çox gözəl bərpa, yenidənqurma işləri görülüb və görülməkdədir: minlərlə işçilər yol, su kanalları çəkir, binalar tikir, bərpa işləri görür”, - deyib.
Fotoqraf vurğulayıb ki, əslində, ermənilərin basdırdığı saysız-hesabsız minalar olmasaydı, Böyük Qayıdış çoxdan baş vermişdi və qarabağlılar da indiyədək yurd-yuvalarına dönmüşdülər.
“Ona görə də mənim üçün çox vacibdir ki, bütün dünya görsün ki, bu torpaqları abad edən kimdir, təxribatlar edən kimdir. Mən xarici ölkələrdə də deyirəm ki, fikir verin, bir adam ki, gəlib evi dağıdır o, ev sahibidir, yoxsa digər gəlib o evi bərpa edən? Çox sadə bir sualdır”, -deyə bildirib.
Rza bəy fotoqraflıq sənətini seçməyini belə izah edib:
“Mən Təbrizdə doğulmuşam. 5-6 yaşım vardı. Yadımdadır ki, rəhmətlik ustad şairimiz Məhəmmədhüseyn Şəhriyar atamla dost idi. Həftədə bir neçə dəfə bizim evə gələrdilər çay içərdilər. O, mənim şeirə olan marağımı artırdı...
Mənim iki mövzu daima qanımı qaynadardı: Gözəllik görəndə - istər bulud olsun, istər çiçək, istərsə də insan... Digəri isə ədalətsizlik görəndə - dilənçiləri, yoxsul insanları, ayqqabısız uşaqları... O zaman ürəyim partlayardı... Düşünürdüm ki, gördüklərimi, hiss etdiklərimi insanlara necə çatdırım. Yəni bildirəm ki, bu necə gözəldir, yaxud niyə bu uşağın ayaqqabısı yoxdur...
O, bütün bu düşüncələrini, gördüklərini insanlara fotosunu çəkib göstərməklə çatdırmağı, paylaşmağı, düşündürməyi fikirləşir.
“...O zaman Təbrizdə bu sahənin ustası, mütəxəssisi olmadığı üçün mən özüm bu sənəti öyrənməyə başladım”, -deyə ustad fotoqraf bildirir.
Xatırladaq ki, Reza Deqati Cənubi Azərbaycanda, Təbriz şəhərində dünyaya göz açıb. Fəaliyyəti ilə bağlı (fotoları ) gənc yaşlarından İrandakı təqiblərdən (həbsxana, işgəncə) yaxa qurtarmaq üçün Fransaya mühacirət etmək məcburiyyətində qalıb. Qəlbi Azərbaycanla döyünən, Qarabağ həqiqətlərini öz fotolarının yaddaşına köçürərək dünyaya çatdıran, saysız-hesabsız sərgiləri təşkil olunan fotoqraf-jurnalist bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən xidmətlərinə görə “Dostluq ordeni” ilə mükafatlandırılıb.
Y.MƏMMƏDLİ