Sosial şəbəkələrdə, həmçinin KİV-də gedən məlumatlara görə, “Azərsu”yun su xeyirxahlığı bir çoxunun baş bəlasına çevrilib,
çünki qurum yolları qazdıqdan sonra, nəinki həmin yolları yenidən bərpa edir, əksinə qalaq-qalaq torpağı qazdıqları ərazidə töküb gedir.
Məhz bu səbəbdən Tovuzun Vahidli kəndinin sakinlər övladlarını məktəbə yola sala bilmirlər. Çünki payızın bu yağışlı-qarlı günlərində yollar bərbad olub, palçıqdan küçədə yerimək mümkün deyil. Elə buna görə də "Azərsu"ya etiraz olaraq məktəbi boykot ediblər.
Beləliklə, əlləri hər yerdən üzülən kənd sakinləri dərdlərini AFN.az-a danışıblar.
Onların sözlərinə görə, bir neçə ay əvvəl qurum kənddə içməli su ilə bağlı layihə reallaşdırmağa başlayıb və həm də kəndin özündəki artezian quyulardan yox, qonşu Ağdam kəndinin yaxınlığından kəndə su xətti çəkilib paylanacaq.
“Əvvəla, kəndin özündə artezian quyuları vurmağa mənbələr varkən, niyə məhz Ağdamdan çəkilir su? Bu başqa mövzudur. İkincisi, payız-qış mövsümündə yolları qazıb, qazılan torpağı da elə yolların kənarına yığmaq hansı başın məhsuludur? Məktəb başlayandan bəri uşaqlarımıza neçə cüt ayaqqabı almışıq, hamısı palçıqlı yollarda dağılıb. Artıq qış ayaqqabılarını çatdıra bilmirik övladlarımızın. Uşağı evdən təzə, salamat ayaqqabı ilə göndəririk, ayaqqabının altı sarı "pemza"nın kleyə dönən palçığına yapışır qalır. Bütün kənd olaraq, yığışıb qərar vermişik ki, sabahdan etibarən uşaqlarımızı məktəbə göndərməyək. Ta yollarımız düzələnə qədər də qərarımızın üzərində dayanacağıq", - deyə şikayətçilər bildiriblər.
***
Qeyd edək ki, “Azərsu”yun su xətlərini dəyişmə əməliyyatlarından sonra yenidən bərpa edib asfaltladığı quraq, eybəcər hala saldığı məhəlləarası yollar barədə də şikayətlər mövcuddur.
Ümid edək ki, qurum kənd sakinlərinin səsinə səs verərək problemi həll edəcək. Yoxsa belə xeyirxah əməlin nəticəsi olan içməli su, çətin ki, kənd sakinləri üçün nuş olsun!
Y.MƏMMƏDLİ