Bu gün saat 16 radələrində Binəqədi rayonu S.Məmmədova küçəsində hündürmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində partlayışın baş verməsi ilə bağlı polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən TEZADLAR.AZ-a bildirilib ki, polis aidiyyəti dövlət qurumlarının əməkdaşları ilə birgə hadisə yerinə cəlb edilib. Təhlükəsizlik tədbirləri görülür.
İlkin məlumata görə, hadisə nəticəsində bir nəfərin ölüb. Partlayışda həyatını itirən polis nəfəri Məhəmməd Babayev olub. O, polis bölmələrinin birində sürücü vəzifəsində xidmət edib.
Xatırladaq ki, Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən partlayışda 1 nəfər həlak olub, 2 nəfər xəsarət alıb.
Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, Cavadxan küçəsində yerləşən 18 mərtəbəli yaşayış binasının 18-ci mərtəbəsində vətəndaşa məxsus mənzildə, ehtimala əsasən, məişət qazının sızması nəticəsində yanğınla müşahidə olunmayan partlayış baş verib. Nəticədə, ilkin məlumata görə, 1 nəfər həlak olub, 2 nəfər xəsarət alıb, mənzilə ciddi ziyan dəyib.
Hazırda FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülür. Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.
Əlavə məlumat veriləcək.