Rusiya xüsusi xidmət orqanları İsveçin NATO-ya üzvlüyünün qarşısını almaq və İsveçdə vəziyyətin sabitliyini pozmaq üçün əməliyyat təşkil edib - İDDİA
Söhbət yanvarın 21-də baş verən hadisədən gedir.
Beləki, Danimarkanın "Sərt Kurs" Partiyasının lideri Rasmus Paludana Stokholmdakı Türk səfirliyi qarşısında Quranın yandırılması aksiyasını keçirməyə icazə almış və bu bədxah, qəbulolunmaz niyyətini gerçəkləşdirmişdi.
***
Robert Lansing Qlobal Təhdidlər və Demokratiya Araşdırmaları İnstitutu (RLİ) isə Türkiyənin Stokholmdakı səfirliyində Quranın yandırılması ilə bağlı hadisənin Rusiyanın təxribatı olduğunu iddia edir.
Onlar bildirirlər ki, Rusiya Paludandan sadəcə olaraq Rusiya Baş Kəşfiyyat İdarəsinin (BKİ) agenti olan yerli jurnalist Çanq Yohannes Frik vasitəsilə öz xeyrinə istifadə edib.
"Rusiya hərbi kəşfiyyatı yəqin ki, heç nədən şübhələnməyən Paludandan Çanq Yohannes Frik vasitəsilə istifadə edib, hansı ki, o, çoxsaylı əlamətlərə görə, psixoloji əməliyyatlar üçün cəlb edilmiş Rusiya BKİ-nin agentidir. Aksiyanın keçirilmə yeri - Türkiyənin Stokholmdakı səfirliyinin qarşısındakı ərazi təsadüfən seçilməyib, çünki hücum Ankaraya yönəlib”, - RLİ bildirir.
Daha sonra iddia edilir ki, Kremlin bu cür təxribatı terror təhlükəsinin səviyyəsini yüksəltmək, həmçinin İsveçin NATO-ya inteqrasiyasının qarşısını almaq məqsədi daşıyıb.
Maraqlıdır ki, əməliyyat Türkiyə Müdafiə Nazirliyinin rəhbərinin İsveçə səfəri ərəfəsində həyata keçirilib.
Xatırladaq ki, Finlandiya və İsveç may ayında Alyansa qoşulmaq üçün müraciət etmişdilər. NATO-ya üzv olan 30 ölkə arasında Skandinaviya ölkələrinin müraciətlərini ratifikasiya etməyən yeganə ölkələr Türkiyə və Macarıstandır. Artıq Macarıstanın da razılıq verəcəyi bildirilir.
Lakin Finlandiya və İsveçin NATO-ya üzv olması ilə bağlı Türkiyə razılıq verməyib. Türkiyə tərəfi hər iki ölkənin terrorçuları uzun illərdir ki, himayə etdiklərini bildirib. Və buna görə də onların qarşısında bir sıra şərtlər irəli sürüblər və bu şərtlərə əməl olunmayanadək Skandinaviya ölkələrinin NATO-ya üzvlüyünə razılıq verməyəcəklərini bildiriblər. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da dəfələrlə açıqlamalar verib.
Ötən il iyunun 29-da isə Türkiyə, İsveç və Finlandiya Ankaranın bütün narahatlıqlarını nəzərə alan təhlükəsizlik memorandumu imzaladılar.
Bir müddət əvvəl Türkiyənin milli müdafiə naziri Hulusi Akar hər iki ölkədən narazılığını dilə gətirib. O, qeyd edib ki, İsveç və Finlandiyanın Şimali Atlantika Alyansına qoşulmaq üçün atdığı addımları görmür və onlar 2016-cı ildə dövlət çevrilişinə cəhddə ittiham olunan kürd terrorçuları ekstradisiya etmək niyyətində deyil.
Yanvarın 21-də isə "Sərt Kurs" Partiyasının lideri Rasmus Paludana Stokholmdakı Türk səfirliyi qarşısında Quranın yandırılması aksiyasını keçirməyə icazə ala bilməyə müvəffəq oldu. Və vəziyyət daha da qəlizləşdi...
...Türkiyə Stokholmda Quranın yandırılması ilə bağlı təbliğat aktını pisləyib və İsveçdən xoşagəlməz hadisənin araşdırılmasını tələb edib.
Onu da xatırladaq ki, baş verən hadisədən sonra senator Aleksey Puşkov özünün Telegram kanalında Türkiyəni İsveçin NATO- ya üzv olmasını əngəlləməyə səsləyib...
Y.MƏMMƏDLİ