Azərbaycan səfirliyin əməkdaşlarını Tehrandan təxliyə etdikdən sonra Qazaxıstan tərəfi təhlükəsizlik tədbirlərini gücləndirməyi planlaşdırmır.

Bunu Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov bildirib.

Qazaxıstan XİN rəsmisinin fikrincə, Azərbaycanın İrandakı səfirliyinə edilmiş hücum yeganə hadisədir və buna görə narahat olmağa dəyməz.

“Xeyr, bunun tək bir hal olduğunu düşünürük. Tehranda yerləşən səfirliklərə silsilə hücumlar olsaydı, bu başqa məsələ olardı. Səfirlik normal şəkildə işləyir”, - deyə o, bəyan edib.

 Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” markalı avtomatla silahlanan şəxs mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib və daha iki nəfəri yaralayıb. Terrorçu səfirliyin əməkdaşlaı tərəfindən tərkisilah edilərək tutulub.

Daha sonra səfirlik əməkdaşları tamamilə təxliyyə edilib, terror nəticəsində şəhid olan səfirlik əməkdaşının cənazəsi isə Bakıya gətirilərək İkinci Fəxri Xiyabanda torpağa tapşırılıb.

Qeyd edək ki, hadisədən bir qədər sonra İran tərəf baş verən terror hadisəsinin  motivini dəyişmək istəyib.

Tehranın polis rəisi Hüseyn Rəhiminin sözlərinə görə, saxlanılan cinayətkar şəxsi və ailə problemlərinə görə binada atəş açıb və uşaqları ilə birlikdə hücum yerinə gəlib.

Hücum edən şəxsin avtomobilində 14 yaşlı qız və 7 yaşlı oğlanın olduğu vurğulanıb. Eyni zamanda, Rəhiminin bu sözlərindən az sonra səfirlik binasından və diplomatik missiyanın girişinə bitişik küçədən yayılan videolar terrorçunun tək olduğunu göstərir.

Beləki, kadrlardan da görünür ki, səfirliyin əməkdaşı avtomobilini səfirlik binasının qarşısında saxlayaraq, binaya daxil olur.  Dərhal onun  ardınca  terrorçunun idarə etdiyi maşını gəlir və əməkdaşın maşınına arxadan vuraraq avtomobilini orada saxlayır. Və həmin şəxs əlindəki avtomatla səfirliyin binasına cumur...Səfirliyi qorumalı olan İran polisinin əməkdaşı isə buna operativ şəkildə heç bir reaksiya vermir...  

Qeyd edək ki,  bir çox xarici KİV-də də terrorçunun guya şəxsi zəmində səfirliyin binasına hücum etməsi barədə yayılan feyk xəbərə istinadən məlumatlar yayımlanıb.

Azərbaycan tərəfi İranda səfirliyimizin binasına edilən terror hücumunun dəqiqliklə araşdırılmasını və tədbir görülməsini tələb edib.

Y.MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN