Dünən Bakının Xətai rayonundakı 56 saylı məktəbdə magistraturaya qəbul imtahanı keçirilirdi...
Məktəbin qarşısında imtahan verən bakalavrların az sayda valideynləri ilə yanaşı, polis əməkdaşları da var. Məktəbin həyətində isə Təcili yardım maşını dayanıb... Lakin qarşı tərəfdə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən ekipajını görəndə təəccübləndik. Valideynlərdən soruşduqda məlum oldu ki, yanğınsöndürən maşın magistraturadan imtahan verənlərdən ötrü burda dayanıb: "Vallah, biz də təəccüblənirik. Təcili yardımı başa düşmək olar, amma bakalavrların elə də sayı çox deyil, üstəlik, ali təhsilli gənclərdirlər. Burda yanğın təhlükəli nə hadisə baş verər ki, bu boyda maşını ekipajla birlikdə səhər tezdən burada saxlayıblar? Hər halda, bu işdə məntiq və əsaslı səbəb yoxdur... Allaha şükür, imtahan testlədir və cavabı bir neçə günə bəlli olacaqsa, kimsə özünü yandıracaqmıdır ki, yanğınsöndürənlərə də ehtiyac olsun...".
Bax belə. Hər halda, magistratura imtahanında yanğınsöndürən maşının saatlarla burada saxlanılmasında hər hansı məntiq görmürük...
Elçin Məmmədli