“Rəşadətli Azərbaycan Ordusunun özünün şanlı tarixinə yazdığı parlaq  qələbələrindən biri  olan  Aprel döyüşlərindən 7 il ötür. Bu tarixi qələbə xalqımızda işğal altında olan bütün torpaqlarımızın azad ediləcəyinə, əzəli və əbədi  ərazilərimizdə qalibiyyət rəmzi olan üçrəngli bayrağımızın dalğalanacağına böyük əminlik yaratdı. Aprel döyüşləri ərəfəsində işğalçı Ermənistan silahlı qüvvələrinin  təmas xəttində mütəmadi təxribatlar törətməsi adi hala çevrilmişdi.

2016-cı  ilin mart  ayından  başlayaraq Ermənistan silahlı qüvvələrinin birləşmələri cəbhəboyu zonadakı yaşayış məntəqələrini daha intensiv atəşə tutmağa başladılar.  Aprelin 2-nə keçən gecə düşmən bütün mövqelərimizi, eyni zamanda, mülki əhalini fasiləsiz atəşə tutdu.  Azərbaycan dövləti  tərəfindən dərhal adekvat tədbirlərin görülməsi ilə bağlı qərar qəbul edildi. 2016-cı il aprelin 2-də Ermənistan ordusunun  təxribatlarına cavab olaraq Azərbaycan Silahlı Qüvvələri  sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğratdı, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Geniş ərazini nəzarətdə saxlamaq imkanı yaradan strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi düşməndən təmizləndi.

Aprel döyüşlərinin ən böyük tarixi əhəmiyyəti bu qələbə sayəsində Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdışın başlanması oldu. Lələtəpə yüksəkliyinin azad edilməsi nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində mülki əhalinin yaşayışı üçün təhlükə tamamilə aradan qaldırıldı. Prezident İlham Əliyevin  Cocuq Mərcanlı kəndinin bərpası və əhalinin yerləşdirilməsi ilə bağlı 2017-ci ildə imzaladığı  Sərəncama əsasən, Böyük Qayıdış prosesinə start verildi. Cocuq Mərcanlıya qayıdış Böyük Qayıdışın başlanğıcı oldu”.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Tezadlar.az-a açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, Aprel Zəfəri ilə  Ermənistanın  “məğlubedilməz ordu” mifi tamamilə dağıdıldı. Dünya Azərbaycan Ordusunun gücünün, qüdrətinin şahidi oldu: “Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin düşünülmüş və gələcəyə hesablanmış siyasəti nəticəsində ordu quruculuğu sahəsində möhkəm təməl yaradıldı. Prezident İlham Əliyev ən yüksək tribunalardan bəyan edirdi ki, sülh danışıqları səmərə verməyəcəyi təqdirdə torpaqlarımızı hərb yolu ilə azad edəcəyik. Bu, bizim suveren hüququmuzdur”.

YAP Xətai rayon təşkilatının sədri bildirib ki,  Ermənistan təmas xəttində mütəmadi surətdə törətdiyi təxribatlarla  sülh danışıqlarında maraqlı olmadığını açıq-aşkar təsdiqləyirdi: “Aprel qələbəsi  bu anormal tendensiyanın qarşısını almaqda işğalçı dövlətə və onun havadarlarına ciddi mesaj oldu. Dövlət başçısı İlham Əliyevin bu Zəfərdən sonra, daha dəqiq desək,  2017-ci ilin 20 sentyabr tarixində Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 72-ci sessiyasının açılışındakı çıxışında dünyaya ünvanladığı mesajları yada salmaq istərdik: “Sual verilir: necə olur ki, despotik və orta əsrlər rejiminin idarə etdiyi bu cür korrupsiyaya uğramış, uğursuz dövlət uzun illər ərzində beynəlxalq hüququ pozmağa, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə və dünyanın aparıcı ölkələrinin bəyanatlarına məhəl qoymamağa müvəffəq olur? Buna cavab isə ikili standartlardır. Təcavüzkara heç bir beynəlxalq təzyiq göstərilmir, Ermənistan diktatorluğuna heç bir beynəlxalq sanksiya tətbiq edilmir. Bu siyasətə son qoyulmalıdır.” Təcavüzkara münasibətdə bu cür siyasətin təkcə ədalətsizliyi nümayiş etdirmədiyini önə çəkən Azərbaycan Prezidenti onu da əlavə etmişdi ki, məsələyə bu cür   beynəlxalq yanaşma   Ermənistan diktatorluğunda belə bir illüziya yaradır ki, sanki onlar öz terror siyasətlərini bundan sonra da davam etdirə bilərlər. BMT Baş Assambleyasının 72-ci sessiyasındakı çıxışında daha sonra   2016-cı ilin aprelində Ermənistan silahlı qüvvələrinin ölkəmizin ərazisində törətdikləri hərbi cinayətlərdən,  Azərbaycan Ordusunun  öz vətəndaşlarını müdafiə etmək üçün əks-hücum əməliyyatına əl atmağa məcbur olmasından  və onun  nəticələrindən bəhs edən Prezident İlham Əliyev  bu çağırışı etdi ki, işğalçı dövlətin rəhbərliyi bu dərsi yaddan çıxarmamalıdır. Əks təqdirdə, Ermənistanın növbəti təxribatının nəticələri onlar üçün daha ağrılı olacaq”.

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki,  Ermənistan silahlı qüvvələrinin 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Günnüt əməliyyatında aldıqları dərslərdən nəticə çıxarmayaraq 2020-ci ilin sentyabr ayının 27-də növbəti dəfə Azərbaycan ərazilərini müxtəlif istiqamətlərdən intensiv  raket atəşinə tutmaları dövlətimizin, xalqımızın səbir kasasını doldurdu: “Müzəffər Ali Baş Komandanın “Hücum!” əmri Silahlı Qüvvələrimiz tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılandı. Aprel döyüşləri şanlı Zəfərə gedən yolun başlanğıcı oldu.   Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan Ordusunun Aprel qələbələrini belə dəyərləndirdi: “Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir.” Ölkə Prezidentinin  bu inamı dövlətimizin qətiyyətinə, Ordumuzun gücünə, xalqımızın birliyinə, həmrəyliyinə söykənirdi. 44 günlük İkinci Qarabağ müharibəsinin rəmzinə çevrilən “Dəmir yumruq” bu inamın təsdiqi oldu. 44 gündə 30 ilin işğalına son qoymaq rəşadətli Ordumuzun nəyə qadir olduğunu bir daha dünyaya nümayiş etdirdi.  Azərbaycanın müharibə təcrübəsi, dastana çevrilən Şuşa əməliyyatı hazırda  beynəlxalq ekspertlər tərəfindən geniş təhlil edilir və öyrənilir”.

V.Rəhimzadə bildirib ki, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dünya hərb tarixinə yeni səhifə yazan Azərbaycan Ordusu şanlı  Zəfəri ilə ərazi bütövlüyümüzü və tarixi ədaləti bərpa etdi, ermənilərin bütün miflərini dağıtdı: “Dünyaya sübut olundu ki,  güclü, qüdrətli ölkə Azərbaycandır,  məğlubedilməz ordu Azərbaycan Ordusudur, məğrur, yenilməz xalq Azərbaycan xalqıdır. Müzəffər Ali Baş Komandan adını tariximizə qalib Sərkərdə, torpaqlarımızın  xilaskarı kimi qızıl hərflərlə yazdı. Bu gün Qarabağ və Şərqi Zəngəzur azaddır. Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın  mütəmadi bu ərazilərə səfərləri hər birimizdə  böyük qürur hissi yaradır. Bu torpaqların sahibi bizik. 7 il bundan  əvvəl Lələtəpədə ucaldılan üçrəngli bayrağımız bu gün azad Qarabağda və azad Şərqi Zəngəzurda dalğalanır. Böyük Qayıdış proqramı uğurla icra edilir. Soydaşlarımız doğma yurd-yuvalarına qayıdırlar. Tarixi ədalətə söykənərək Qərbi Azərbaycana qayıdacağımızı da böyük əminliklə bəyan edirik”.

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN