Aprelin 11-də daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.
Bu barədə TEZADLAR.AZ-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Sıra baxışında nazirliyə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 132 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb. Onlardan 14 nəfəri Vətən müharibəsinin iştirakçısı olub.
Gənclərlə görüşdə çıxış edən nazir V.Eyvazov xidmətə qəbulun şəffaflıq və aşkarlıq prinsipləri əsasında keçirildiyini qeyd edib. O, seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.