“Azərbaycan tarixi Zəfərdən dərhal sonra regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması üçün sülh müqaviləsinin imzalanmasını təklif etdi. Sülh müqaviləsinin Ermənistan üçün qaçılmaz olduğu aydındır. Amma görünən budur ki, himayədarlarının dəstəyi işğalçı ölkəni sülh müqaviləsini imzalamaq əvəzinə hərbi təxribatlar törətməklə bu prosesi uzatmaq barədə düşünməyə daha çox sövq edir.

Ermənistan nə təxribatlarından, nə də cinayətlərindən əl çəkmir. Ermənistanın sərhəddə törətdiyi növbəti təxribat onun regionda dayanıqlı sülhün və sabitliyin yaradılmasında maraqlı olmadığını təsdiqlədi. Avropa İttifaqı missiyasının Ermənistana gəlməsi mənfur düşməni daha da azğınlaşdırıb. Son vaxtlar Ermənistan rəhbərliyi daha qərəzli, sülhə təhdid yaradan aqressiv bəyanatlarla çıxış edir. Onlar belə düşünürlər ki, Avropa İttifaqı missiyasının bu ölkədə olması öz iddialarını gerçəkləşdirmələri üçün zəmin yaradıb. Bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb. Sosial şəbəkələrdə yayılmış videogörüntülərin birində əsir götürülmüş Axundov Hüseyn Əhliman oğluna qarşı fiziki işgəncə və qeyri-insani rəftar halları əks olunub. Bu vəhşilik Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini ayaqlar altına atdığını bir daha sübut  edir”.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Tezadlar.az-a açıqlamasında bildirib.

Vüqar Rəhimzadə bildirib ki, Ermənistanın Azərbaycana qarşı təxribatları, cinayətləri nəinki Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini pozur, eyni zamanda regional sülh və təhlükəsizliyi ciddi şəkildə təhdid edir: "Ermənistanda əsir götürülən Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusuna işgəncə verilməsi beynəlxalq humanitar hüquqa zidd olmaqla yanaşı, erməni vəhşiliyinin növbəti təzahürüdür. Azərbaycan hərbi qulluqçusuna  qarşı fiziki işgəncə və qeyri-insani rəftar 1949-cu il Cenevrə Konvensiyalarının, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın, beynəlxalq humanitar və insan haqları hüququndan irəli gələn digər beynəlxalq öhdəliklərin Ermənistan tərəfindən kobud şəkildə pozulmasıdır. Birinci Qarabağ müharibəsi nəticəsində 4 minə yaxın vətəndaşımız itkin düşüb. Onların demək olar ki, hamısı işgəncələrə məruz qalaraq qətlə yetirilib. Torpaqlarımız azad edildikdən sonra bir neçə yerdə kütləvi məzarlıq aşkar olunub. Ermənistan hələ də azərbaycanlı itkinlərin taleyi barədə məlumat verməkdən yayınır. Ermənistanın işğalına görə Azərbaycan dünyada ərazisi mina ilə ən çox çirkləndirilmiş ölkələr sırasındadır. İkinci Qarabağ müharibəsindən sonra 300-ə yaxın azərbaycanlı mina partlayışı nəticəsində həlak olub və ya ağır yaralanıb".

YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, dünya hərbi qulluqçulara münasibətdə də Azərbaycanla Ermənistan arasında fərqi görür: "Azərbaycanın erməni hərbi əsirlərə humanist münasibəti qarşısında mənfur düşmən Azərbaycan əsgərinə insanlığa sığmayan amansızlıq edərək, işgəncələr verir. Bəs, erməni əsirlərlə bağlı əsassız iddialarla çıxış edib Azərbaycanı haqsız yerə tənqid edən bəzi beynəlxalq təşkilatlar niyə Ermənistan tərəfindən etnik zəmində zorakılığın növbəti nümunəsi olan bu cinayət əməlinə göz yumurlar? Niyə Azərbaycan əsgərinin həyat və sağlamlığına qarşı yönəlmiş bu vəhşiliyə etirazlarını bildirmirlər?  Axı, istər müharibə şəraitində, istərsə də münaqişə zonalarında hərbi qulluqçuların hüquqları bir neçə beynəlxalq konvensiya ilə qorunur. Ermənistanın bu konvensiyaları kobud şəkildə pozaraq törətdiyi vəhşiliklər nə vaxta kimi cəzasız qalmalıdır? 30 illik işğal dövründə Ermənistana dəstək olmaqla 44 günlük İkinci Qarabağ müharibəsinin baş verməsinə səbəb olan bəzi güclər bu gün susmaqla işğalçı ölkənin hərbi təxribatlarının davamlılığına, bununla da sülh müqaviləsinin imzalanması prosesinin uzanmasına şərait yaradırlar. Erməni vəhşiliklərini təsdiqləyən bu hadisələrin fonunda işğalçı dövlətin sülh müqaviləsinin imzalanmasından hər vəchlə yayınması, hərbi təxribatlar törətməklə diqqəti yayındırmaq yolunu tutması regional sülh və təhlükəsizlik üçün təhdiddir. Beynəlxalq konvensiyalara imza atmış ölkələr ona riayət etməyə dair öhdəlik daşıyırlar. Həmin konvensiyalar əsir düşmüş şəxslərlə beynəlxalq humanitar hüquq normalarına uyğun davranılmasını tələb edir. Ona görə də beynəlxalq təşkilatlar ermənilər tərəfindən törədilən zorakılıq, həyat və sağlamlığına qarşı yönəlmiş vəhşilik  faktlarını araşdırmalı və lazımi qiymət verməlidirlər".

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN