İsveç Şimali Atlantika Alyansına yalnız Türkiyənin əsas tələbi - terrora birgə qarşı çıxmaq şərti ilə qoşula biləcək.
Tezadlar.az xəbər verir ki, bu barədə TV-100 telekanalında Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın məlumat verib.
"İsveçin NATO-ya üzvlüyü məsələsində obyektiv meyarlara əməl edirik. Bizim əsas tələbimiz terrorla mübarizədir. İsveç bunu yerinə yetirdikdə NATO-ya üzv olacaq", - Kalın deyib.
Onun sözlərinə görə, Türkiyənin NATO-dakı müttəfiqləri terrorla mübarizə məsələsində onunla həmrəy olmalıdır.
"NATO turizm agentliyi və mədəniyyət birliyi deyil. Alyansın birinci vəzifəsi təşkilata üzv dövlətlərin təhlükəsizliyini təmin etməkdir", - Türkiyə prezidentinin nümayəndəsi vurğulayıb.
Türkiyə keçən may ayında İsveçin NATO-ya üzv olmaq üçün müraciətini əngəlləməkdə davam edir. Ankara hesab edir ki, Stokholm 2022-ci ilin iyununda imzalanmış terrorla mübarizə üzrə Madrid memorandumunun şərtlərini hələ də yerinə yetirməyib. Bu, əsasən, Türkiyədə terrorçu elan edilmiş Kürdüstan Fəhlə Partiyasına qarşı mübarizəyə aiddir.
E.ŞİRİNOV