BMT-nin Ümumdünya Ərzaq Proqramı (ÜƏP) Sudan ordusunun bölmələri ilə çevik qüvvələri (xüsusi təyinatlılar) arasında toqquşmaların davam etdiyi Sudanda fəaliyyətini dayandırır.
Bu barədə təşkilatın bazar günü yaydığı məlumatda deyilir.
" Biz təhlükəsizlik vəziyyətini öyrənərkən Sudandakı bütün əməliyyatları müvəqqəti olaraq dayandırmaq məcburiyyətindəyik. Ümumdünya Ərzaq Proqramı kəskin ərzaq təhlükəsizliyi ilə üzləşən Sudan xalqına kömək etməyə sadiqdir, lakin işçilərimizin təhlükəsizliyinə təminat verilməzsə, biz həyat qurtaran iş görə bilmərik", - bəyanatda deyilir.
Bundan əvvəl məlum olub ki, şənbə günü toqquşmalar zamanı ÜƏP-nin üç əməkdaşı həlak olub. Təşkilatın məlumatına görə, daha iki nəfər yaralanıb.
"Bütün tərəflər yerdəki humanitar işçilərin təhlükəsizliyini təmin edəcək və Sudan xalqına həyati əhəmiyyətli humanitar yardımın davamlı şəkildə çatdırılmasına imkan verəcək razılığa gəlməlidir", - ÜƏP bildirib.
Onun təxminlərinə görə, Sudan əhalisinin üçdə birindən çoxu, qaçqınlar da daxil olmaqla 15 milyona yaxın insan ciddi şəkildə ərzaq təminatından məhrumdur.
E.ŞİRİNOV