Hüseyn Xəzər, hüquqşünas, jurnalist-publisist

...Uzun müddətdir məni narahat edən bir fikri oxucularla müzakirə etmək qərarına gəldim. Bu ilk baxışdan əhəmiyyətsiz və ya dərin əhəmiyyət kəsb etməyən, lakin varlığında özünə diqqət, həssas yanaşma tələb edən, böyük bir ictimai-siyasi hadisəni ifadə etmək üçün təəssüf ki, tez-tez işlədilən “qovulmaq” sözüdür.

Qərbi Azərbaycandan olan məcburi kökün soydaşlarımızın zorla çıxarılma, deportasiyaya məruz qalma hadisəsi barədə TV jurnalistlərinin dilindən, mətbuat səhifələrində, KİV-ə müsahibə verən, çıxış edən bəzi məsul və digər şəxslər tərəfindən tez-tez Qərbi Azərbaycandan “azərbaycanlıların qovulması” ifadəsi səslənir. Qeyd edim ki, burada  “qovulmaq” sözü siyasi cəhətdən tamamilə yanlış, mənəvi cəhətdən isə aşağılayıcı, mənfi emosiyalı, hətta təhqir yükü daşıyan bir ifadədir. Belə ki, insanlarımız həmin yerlərdə köklü sakin, tam və bərabər hüquqlu ölkə vətəndaşları olduqları halda yalnız milli mənsubiyyətinə görə yaşadıqları əzəli yerlərdən işgəncələrə, qətliamlara məruz qalaraq, əllərində olan imkanlardan istifadə etməklə müqavimət göstərmələrinə, etirazlarına baxmayaraq, zorla çıxarılıblar. Qərbi Azərbaycanlılara qarşı törədilmiş dörd il müddətində (1987-1991-ci illər) davam edən kriminogen ictimai-siyasi hadisə öz acı nəticəsini vermişdir. Həmin  hadisə barədə danışarkən xeyli diqqətli olmaq lazımdır. Bu barədə danışanlar “Qovulmaq” deyil, soydaşlarımız “zorla çıxarılıblar”, “işgəncələrlə çıxarılıblar”, “deportasiyaya məruz qalıblar” və s. kimi obyektivliyi təzahür edən daha uyğun sözlərlə fikirlərini ifadə etsələr daha məqsədəuyğun olar. Hesab edirəm ki, “Qovulmuşlar” ifadəsinin soydaşlarımıza şamil edilməsi yolverilməzdir və hər kəs bu ifadəni işlətməkdən çəkinməlidir.

Bildiyimiz kimi, Azərbaycan dilindəki sözlərin hamısı birlikdə dilin lüğət tərkibini, yəni leksikasını təşkil edir və hər bir söz ayrılıqda və birləşmədə müəyyən bir fikri ifadə etməyə xidmət edir. Sözün ifadə etdiyi məna onun leksik mənasıdır və hər bir söz özünün ifadə etdiyi mənanı daşıyır, yəni dilimizdə öz təyinatı üzrə işlədilir.

Bəs dilimizdə işlədilən “qovulmaq” sözünün daşıdığı fikir nəyi anladır? Fikrimcə, bu söz özünə aid olmayan yerdə olanı, qanunsuz, müxtəlif üsul və vasitələrlə, əsassız şəkildə, zorla başqasının yerinə soxulmuş birisinin və ya bir toplumun məcburi tərzdə həmin yerdən çıxarılması fikrini daşıyır. Hətta daha kobud misal da çəkmək olar: Qadağan olunan sahəyə, otlağa, hinə, həyətə və s. girən heyvanın oradan çıxarılmasını da dilimizdə yalnız “qovub çıxarmaq” kimi ifadə edirik. Necə ki, bunu müzəffər Prezidentimiz İlham Əliyev cənabları işğalçı erməniləri qovub torpağımızdan çıxarandan sonra çox qürurla və həm də təhqiredici mənada “İTİ QOVAN KİMİ QOVDUQ” ifadəsini yeri gəldikcə işlədir. Bu ifadə həmin ictimai-siyasi hadisəni Ölkə Prezidenti tərəfindən düşünülmüş şəkildə, tamamilə düzgün şərh edən, anladan, onlara yaraşan və dəqiq seçilmiş bir ifadədir. Yəni, ermənilər, istər ordusu, istərsə də mülki əhalisi özlərinə aid olmayan ərazilərimizə qanunsuz olaraq soxulduğuna görə biz onları 44 günə “iti qovan kimi qovduq”. Bizim soydaşlarımız isə öz doğma, minillər boyu sahibi olduqları yerlərdən 200 ildən çox müddət ərzində müxtəlif vasitələrlə, sonda isə daha azğın üsullarla, zorla,silah gücünə, qətliamlar, müxtəlif işgəncələr nəticəsində çıxarılıblar.

Qeyd edim ki, ZOR sözünün özü, şəxsin öz iradəsinə zidd olaraq, ona qarşı fiziki və digər müxtəlif əməli vasitələrlə törədilmiş hər hansı bir əməlin şiddətini və qeyri-qanuniliyini ifadə edir. QOVMAQ sözü isə heç bir fiziki və digər vasitələrlə təyziq etmədən də yəni, təmasda olmadan da,aralı məsafədən də adi bir fit səsi, əl işarəsi,ayağı yerə vurmaq, barmaq silkələmək, hündür səslə, qışqırmaq, söz vasitəsilə də həyata keçirilə bilən bir fikir ifadəsidir. Çoxsaylı, təkzib olunmaz faktlar da göstərir ki, soydaşlarımıza qarşı törədilən əməlin icrası məhz müxtəlif cür ZOR tətbiqi ilə müşaiyət olunub.     

Müqayisəli şərh olunan iki ictimai-siyasi hadisə arasındakı fərq budur. Onlar eynilik təşkil etmir və onların hər birini öz adıyla demək lazımdır. Odur ki, bu barədə, bu mövzuda sənədlər hazırlayan müvafiq təşkilatlardan, qurumlardan, danışan, yazan ayr-ayrı şəxslərdən, media nümayəndələrindən qeyd olunan ifadələri işlədərkən diqqətli olmağı artıq dərəcədə  xahiş edirəm! Soydaşlarımız öz əzəli torpaqlarından,ev-eşiklərindən ZORLA ÇIXARILIB.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN