Venesuela prezidenti Nikolas Maduro ölkəsinin heç vaxt Amerika Dövlətləri Təşkilatına (ADT) qayıtmayacağını bəyan edib.
Tezadlar.az xəbər verir ki, o, bu barədə “Venezolana de Televisión” dövlət telekanalının efirində bildirib.
Maduro hesab edir ki, ADT ləğv edilməlidir. Prezidentin sözlərinə görə, təşkilat 70 il ərzində Latın Amerikası və Karib hövzəsində, Çili, Braziliya, Honduras, Paraqvay, Boliviya kimi ölkələrdə bütün dövlət çevrilişlərini və müdaxilələri təsdiqləyib. Ona görə də Maduro vurğulayıb ki, Venesuela ADT-dən çıxıb və heç vaxt ona qayıtmayacaq. Maduro qeyd edib ki, ADT "dəhşətli bir tarixə" malikdir və indi "yoxa çıxmalı olan heç bir şeyə, xarabalığa" çevrilib.
O, təşkilatın "qorxulu kinizm və müdaxilə muzeyi" olmağa layiq olduğunu söyləyib. Maduro Meksika prezidenti Andres Manuel Lopez Obradorun ADT-nin “artıq heç nəyə xidmət etmədiyini” söylədiyi fikri ilə tam razılaşıb.
Bundan əvvəl prezident Maduro dünya ticarətində ABŞ dollarından imtina prosesinin sürətləndiyini bildirib.
E.ŞİRİNOV