Anormal istilər, meşə yanğınları və hökumətin uğursuz siyasəti Avropanı ciddi su çatışmazlığı və məhsuldarlığın azalması ilə təhdid edir.
Bu barədə Britaniyanın “Financial Times” (FT) qəzeti yazır.
Nəşrin məlumatına görə, 1976-cı ildən 2006-cı ilə qədər Avropa ölkələrində quraqlıqların sayı və intensivliyi təxminən 20% artıb və bu rəqəmlər artmaqda davam edir. Ekspertlər deyirlər ki, şirin suya qlobal tələbat daim artır. Onların proqnozlarına görə, 2030-cu ilə qədər bu, mövcud təklifi 56% ötəcək.
Məqalədə deyilir ki, zəif siyasi qərarlar, şəxsi maraqlar və sürətli iqlim dəyişikliyi Avropada su ilə bağlı vəziyyəti kəskin şəkildə pisləşdirə bilər və bu, şirin su çatışmazlığı fonunda iğtişaşlara səbəb ola bilər.
Həmçinin, su ilə bağlı problemlər bitkilərə və elektrik enerjisi istehsalına təsir göstərəcək, çünki o, atom elektrik stansiyalarının və su elektrik stansiyalarının soyudulması üçün istifadə olunur.
Əvvəllər İspaniyada anomal istilər və quraqlıq hakimiyyət orqanlarının ölkədə su ehtiyatlarından istifadəni məhdudlaşdırmasına səbəb olub. Tədbir təxminən doqquz milyon vətəndaşa təsir etdi. Söhbət avtomobillərin yuyulmasının və bağların suvarılmasının qadağan edilməsindən, həmçinin müəyyən saatlarda suyun dayandırılması qrafikinin tətbiqindən gedirdi.
Eyni zamanda, Ümumdünya Meteorologiya Təşkilatı (WMO) qlobal istiləşmənin artıq buzlaqların əriməsinə səbəb olduğu barədə xəbərdarlıq edib. Meteoroloqlar Aİ-də istilərin bütün rekordları qırmağa davam edə biləcəyini proqnozlaşdırırlar.
E.ŞİRİNOV