Bəli, koronavirus sərhəd də tanımır, vəzifə də, status da... Artıq məhkəmələrimizdə də hakimlərin ədalətli qərar qəbul etmək seçimini koronanın "imtahanı" ilə müəyyən etmək lazım gəlir...
Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin daha bir hakimi koronavirusa yoluxub. Medianın yazdığına görə, hakim Samir Əliyevin koronavirus testinin nəticəsi pozitiv çıxıb. Bununla bağlı hakimin icraatında olan işlər üzrə məhkəmə prosesləri təxirə salınıb. Bundan başqa, Samir Hüseynovla eyni tərkibdə olan hakimlər Eldar İsmayılov və Cavid Hüseynovun da icraatında olan cinayət işləri üzrə məhkəmə prosesləri təxirə düşüb. Belə ki, bu hakimlər də koronavirusa yoluxub.
Qeyd edək ki, bundan əvvəl məhkəmənin hakimi İradə Həsənzadə də koronavirusa yoluxmuşdur... Bu artıq o deməkdir ki, həyat təkcə status və vəzifələrdən ibarət deyil. Həm də vicdanlı vəzifəlilikdən asılıdır. Deməli, hansı statusdan və imtiyazdan asılı olmayaraq həyata bəzən koronanın da gözündən baxmaq lazımdır...
A.Məmmədli