ABŞ Konqresinin Nümayəndələr Palatasında Ukrayna, İsrail və Tayvana hərbi yardım göstərilməsi ilə bağlı qanun layihələri prosessual səsvermədən keçib.
Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Qeyd olunur ki, səsvermədən əvvəl qısa debat baş tutub və təşəbbüslərin özləri, əslində, vahid paketdə birləşdirilib – xüsusən də Nümayəndələr Palatasının spikeri respublikaçı Mayk Conson bu formatda israr edib.
Siyasətçinin özü qanun layihəsini ideal hesab etmir. Onun sözlərinə görə, bu, “mövcud şəraitdə mümkün olan ən yaxşı məhsuldur”.
Qanun layihəsi üzrə yekun səsvermə bu şənbə, aprelin 20-nə təyin edilib. Daha sonra paket təsdiqlənmək üçün Senata göndəriləcək. ABŞ prezident administrasiyası artıq Konqresi qanun layihəsini tez bir zamanda təsdiq etməyə çağırıb.
Qanun layihəsində Kiyevə ATACMS raketlərinin göndərilməsi də nəzərdə tutulur. Eyni zamanda, Ukraynanın baş naziri Şmıqala görə, Kiyev ABŞ Konqresində təsdiqləndikdən sonra bir neçə həftə ərzində silah alacaq.
E.ŞİRİNOV