Pakistanda Əfqanıstanla sərhəddəki Çaman keçid məntəqəsində sakinlərlə polis arasında toqquşma nəticəsində azı 40 nəfər xəsarət alıb.
Tezadlar.az xəbər verir ki, bu barədə “Dawn” qəzeti məlumat yayıb.
Məlumata görə, iğtişaşlara səbəb Pakistan hakimiyyətinin pasportu və etibarlı vizası olmayan şəxslərin ölkəyə girişini qadağan etmək qərarına etiraz olaraq Çaman keçid məntəqəsində keçirilən yerli sakinlərin bir neçə aydır davam edən tətilinin liderinin həbsi olub. Əvvəllər pakistanlılar və əfqanlar sərhədi şəxsiyyət vəsiqələrini təqdim etməklə keçirdilər.
Etirazçılar Bəlucistan əyalətinin paytaxtı Kvetta ilə Əfqanıstanın Qəndəharını birləşdirən milli magistral yolu barrikadalarla bağlamağa çalışıblar, Çaman şəhərində dövlət idarələrinə və mağazalara hücum ediblər, polis əməkdaşlarının olduğu avtomobillərə daş atıblar. Çəmənlə telefon əlaqəsi kəsilib. Qarşıdurma zamanı 17 asayiş keşikçisi yaralanıb. Qarşıdurmaların 56 iştirakçısı həbs edilib, 20 nəfər rezin güllələrdən xəsarət alaraq xəstəxanalara aparılıb.
Yerli ağsaqqallarla hakimiyyət nümayəndələri arasında aparılan danışıqlardan sonra Çəməndə vəziyyət normallaşmağa başlayıb. Etirazçılar bildiriblər ki, sərhəd-keçid qaydalarının sərtləşdirilməsinə qarşı tətil onlar tamamilə ləğv edilənə və bütün həbs olunan tətilçilər azad edilənə qədər davam edəcək. Pakistan və Əfqanıstan arasında Çaman keçid məntəqəsi vasitəsilə sərhəd ticarəti dayandırılıb.
E.ŞİRİNOV