Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında imzalanmış 2024-cü il üçün ikitərəfli əməkdaşlıq planına əsasən, Özbəkistan Respublikasının Müdafiə Nazirliyinin nümayəndə heyəti ölkəmizə səfər edib.
Bu barədə Tezadlar.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Səfər çərçivəsində özbəkistanlı qonaqlar Müdafiə Nazirliyinin Mühəndis Qoşunları Baş İdarəsində olub.
Qonaqları salamlayan general-mayor Anar Kərimov nümayəndə heyətinə Azərbaycan Ordusunun azad edilmiş ərazilərdə mühəndis-istehkam bölmələri tərəfindən həyata keçirilən mühəndis təminatı üzrə tədbirlər barədə məlumat verib.
Görüşdə təcrübə mübadiləsi baxımından bu cür səfərlərin əhəmiyyəti xüsusi vurğulanıb, qarşılıqlı maraq doğuran bir sıra məsələlər barəsində ətraflı fikir mübadiləsi aparılıb, brifinq təqdim olunub.
Sonra qonaqlar xüsusi hazırlanmış mühəndis şəhərciyində hərbi qulluqçuların iştirakı ilə keçirilən praktiki məşğələləri izləyiblər.
R.XUDATQIZI