Ötən gecə saat 23.00 radələrində deputatlığa namizəd Vəfa Nağı, onun vəkili Seymur Abbas və jurnalist Şəhla Kərim sərbəst buraxılıb.
Vəfa Nağının Turan-a verdiyi məlumata görə, onlar qara maskalı mülki şəxslər tərəfindən saxlanılıb və ayrı-ayrılıqda üç qara avtomobilə yerləşdirilib. Nağının sözlərinə görə, ondan "seçkilər artıq bitdiyi üçün" etirazını dayandırması istənilib. Nağı isə öz növbəsində şikayətlərin araşdırılmasını tələb etdiyini bildirib. “Bizdə olan məlumata görə, dairə seçki komissiyası rəqibimin müşahidəçilərini çağırıb onlardan “seçkilərin demokratikliyi” ilə bağlı ərizələr alır. Amma pozuntuları qeydə almış mənim müşahidəçilərimi çağırmırlar”, - Nağı bildirib.
O qeyd edib ki, saxlanılan şəxslər üç saat sonra Bakıya gətirilib və Əhmədlidə sərbəst buraxılıb.