Mediada yayılan video görüntülər əsasında Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi 132 ünvanında yerləşən,
fiziki şəxs Vəliyev Zülfü Rəşid oğluna məxsus “Zülfü Ustanın Dönəri” ictimai iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı obyektin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi və bir sıra ciddi nöqsanlar aşkarlanıb. Həmçinin qida obyektində müxtəlif həşəratlar və ev heyvanı (pişik) müşahidə edilib.
TEZADLAR.AZ xəbər verir ki, AQTA əməkdaşlarının həyata keçirdiyi baxış zamanı obyektdə tullantılar üçün ağzı kip bağlanan və qoxu yaymayan qablardan istifadə edilmədiyi, emal sahəsində tavanın tamlığının pozulduğu, divarların gigiyenik materialla üzlənmədiyi, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi, müvafiq geyim forması və fərdi mühafizə vasitələri ilə təmin olunmadığı, qida məhsullarının və avadanlıqların yuyulması üçün yuma çanağının mövcud olmadığı, təmizlik inventarlarının və yuyucu maddələrin saxlanılması, eləcə də işçilər üçün ayrıca sahənin təşkil edilmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, kanalizasiya xətlərinin izolyasiya edilmədiyi və digər nöqsanlar müəyyən olunub. Müayinələrin aparılması məqsədilə istehlaka hazır qidalardan (toyuq dönəri, kartoflu peraşki) nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisədə işlərin görülməsinin və xidmətlərin göstərilməsinin dayandırılması barədə məhdudlaşdırıcı tədbirlərin tətbiqinə dair qərar qəbul olunub, rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.
Qeyd edək ki, eyni zamanda AQTA əməkdaşlarının plandankənar yoxlaması zamanı Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi, ev 14/16 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Mehdiyev Oqtay Ələkbər oğluna məxsus “The Crown” ictimai iaşə obyektində qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu, həmçinin aşkar saxtalaşdırma əlamətləri olan spirtli içkilər aşkarlanıb.
Belə ki, iaşə obyektində idxal sağlamlıq aktı olmayan və saxtalaşdırma əlamətləri olan “Absolut Vodka” əmtəə nişanlı 2 ədəd 0.5 litrlik və 2 ədəd 0.7 litrlik, həmçinin idxal sağlamlıq aktı olmayan “Jack Daniels” əmtəə nişanlı 1 ədəd 3 litrlik spirtli içki məhsullarının satışının həyata keçirildiyi müəyyən edilib.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Belə ki, normativ tələblərə uyğun olmayan saxta məhsulların satışının qarşısı alınıb və dövriyyədən çıxarılaraq müsadirə edilib, obyektin rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.
JASMİN