Noyabrın 5-də Daxili Qoşunların Bakı şəhərində yerləşən “N” saylı hərbi hissəsində xidmətə yeni qəbul edilmiş çağırışçıların hərbi andiçmə mərasimi keçirilib. Mərasimdə daxili qoşunlar komandanının müavini - şəxsi heyət üzrə idarənin rəisi general-mayor İnqilab Muradov iştirak edib.
Tezadlar.az xəbər verir ki, hərbi rituala uyğun olaraq hərbi hissənin döyüş bayrağı sıra meydanına gətirilib. Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələrinin yad edilməsi ilə başlayan mərasimdə Dövlət Himni ifa olunub. Əsgərlər hərbi and içərək, Azərbaycan Respublikasının mənafeyini, onun suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini şərəflə qoruyacaqlarına, bundan ötrü canlarını belə əsirgəməyəcəklərinə söz veriblər.
Mərasimdə çıxış edən hərbi hissə komandiri polkovnik Bəhruz Kazımov əsgərlərə Vətənə, dövlətə və Ali Baş Komandana, hərbi anda sadiq olmalarını, nümunəvi, intizamlı xidmət etmələrini, silah və texnikanın sirlərini dərindən öyrənərək döyüş hazırlıqlarını daim artırmalarını, komandir-rəis heyətinin əmr və sərəncamlarını dəqiq və vaxtında yerinə yetirmələrini, vəzifə borclarının icrasına məsuliyyətlə yanaşmalarını tövsiyə edib.
Sonra daxili işlər nazirinin müavini - daxili qoşunların komandanının hərbi andiçmə münasibətilə əsgərlərə ünvanladığı təbriki çatdırılıb. Təbrikdə hərbi andı qəbul edən gənc əsgərlərin qoşunların bütün şəxsi heyəti kimi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən qarşıya qoyulan hər bir tapşırıq üçün şəxsi məsuliyyət daşıdıqları, həmçinin Daxili Qoşunların daha da möhkəmlənməsi və qüdrətlənməsi üçün göstərilən diqqət və qayğının sıralarımızda xidmət edən hər bir gənci öz vəzifələrini mətinliklə yerinə yetirməyə ruhlandırdığı da vurğulanıb.
Qeyd olunub ki, hərbi and içərək respublikamızın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü göz bəbəyi kimi qorumağa söz verməklə, hər bir hərbi qulluqçu bu müqəddəs andın mənasını tam olaraq dərk etməlidir. Təbrikdə, həmçinin Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında xalqımızın şanlı qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsində və lokal xarakterli antiterror tədbirlərində Daxili Qoşunların şəxsi heyətinin fədakarlıq göstərərək, şərəfli döyüş yolu keçdiyi bildirilib. Sıralarımıza daxil olan gənclərimizin sədaqət hissi ilə döyünən qəlblərinin hər zaman Vətən eşqi ilə alovlanacağına, xidməti-döyüş tapşırıqlarının daha keyfiyyətlə yerinə yetirilməsində öz fədakar xidmətlərini əsirgəməyəcəklərinə, eləcə də Azərbaycan Respublikasının Konstitusiyasına, hərbi anda və nizamnamələrə sadiq qalacaqlarına, dövlətçiliyimizin qorunması, ölkəmizin daha da qüdrətlənməsi, inkişaf və tərəqqisi naminə uğurlar qazanacaqlarına əminlik ifadə olunub.
Mərasim şəxsi heyətin təntənəli keçidi ilə başa çatıb.
R.XUDATQIZI