Neçə illərdir Mənzil Tikinti Korperativlərinin (MTK) vətəndaşları aldatması ilə bağlı şikayətlər davam etməkdədir.

Xırdalan şəhərindəki "Rahat" MTK və "Kənan-Turan" MTK-nın sakinləri də hər iki MTK-nın təsisçisi Rasim Həsənovdan şikayətçidirlər. Belə ki, sakinlər illərdir yaşadıqları mənzillər üçün çıxarış ala bilmirlər. Sakinlərin sözlərinə görə, binanın 3 ilə hazır olacağını və mənzillərə çıxarış veriləcəyini vəd edən Rasim Həsənov 14 ildir binanı təhvil verə bilməyib. Şikayətçi sakinlər binada hətta iki yük liftinin quraşdırılmadığını bildiriblər: “İllərlə boğazımızdan kəsərək pul yığıb MTK-ya müraciət edib, Rasim Həsənovun şirin dilinə aldanıb, “Kənan-Turan” MTK-dan mənzil aldıq. Mənzil alandan bu günədək peşmanlıq hissi çəkirik. Çünki bu binada 2 lift quraşdırılmayıb. Biz sakinlər hər dəfə yük liftlərini soruşanda, Rasim Həsənovun bizə cavabı bu olur ki, yük liftləri Çində konteynerlərə vüklənib və yola salınıb. Necə oldu ki, bu konteynerlər 14 ilə Azərbaycana gəlib çıxmadı? Bizim Biləcəri yük stansiyasına gedib konteynerlərin yolunu gözləməkdən başqa çarəmiz qalmayıb. Biz bilirik ki, bu liftlər hələ heç sifariş belə verilməyib, sadəcə olaraq, yalan sözlər və yalan vədlər verilir”.

Sakinlərin bildirdiyinə görə, binanın yerləşdiyi sahə də özəlləşdirilməyib. Sakinlər iddia edir ki, Rasim Həsənov qanunsuz olaraq vergidən də yayınıb: “Biz bilirik ki, Vergi Xidmətinə “Kənan-Turan” MTK-nın inşa etdirdiyi binanın satışa yararlı sahəsini qəsdən azaldaraq düzgün məlumat verilməyib. Çünki “Rahat” MTK ilə “Kənan-Turan” MTK-nın inşasına eyni şəxs, Rasim Həsənov rəhbərlik edib. Həmin şəxs və onunla birgə olan təsisçilər “Rahat” MTK-da vergidən satışa yararlı sahəni bilərəkdən 5.000 kv.m gizlədiblər. “Rahat” MTK-nın təsisçisi və birbaşa binanın inşasına rəhbərlik edən Rasim Həsənov binada 28% pay sahibi, Ramiz Hümbətov 24% pay sahibi, İlham Hümbətov 24% pay sahibi, Rumiyyə Mustafayeva 24% pay sahibi olub. Binanın 5-ci mərtəbəsi inşa olunanda təsisçilər artıq mənzilləri öz aralarında bölüşdürmüşdürlər. Onlar üçün sakinlərin gələcək taleyi heç vaxt maraqlı olmayıb. Biz inanırıq ki, yuxarıda adlarını çəkdimiz şəxslər vergidən milyonlarla manat yayındırdıqlarına, özbaşına torpaq zəbt etdikləinə görə (342 kv.metr) və liftlərin quraşdırılmaması (cəmi 7 ədəd) ilə layihədən kənara çıxaraq binanın çardaq hissəsini ayrı-ayrı şəxslərə, yəni 2 mənzilin inşası üçün 58.000 manat pul aldıqlarına görə cavab verəcəklər. Zirzəmiyə giriş hissəsi olan pilləkəni qeyri-yaşayış obyekti kimi 20.000 manata satdıqlarından və bu kimi qanunsuz hərəkətlərinə görə binanın inşasının bitməsindən 14 il keçməsinə baxmayaraq, təhvil verə bilmirlər”.

Sakinlər binanın özünün su hovuzu və transformator binasının olmadığını qeyd ediblər: “Bildiyimiz kimi, hər bir MTK-nın özünə aid su anbarı, transformator binası inşa edilir. “Kənan-Turan” MTK-nın sakinləri qonşuluqda yerləşən “Rahat” MTK-nın su hovuzundan və transformator binasından istifadə edirlər. Rasim Həsənov hər iki binanı özü inşa etdiyindən 2 binaya cəmi 1 texniki şərt alıb. Ona örə də binanın işlətdiyi su məsrəfi ayrıca kod olmadığına görə “Rahat” MTK-nın adına gəlir. Binada yanğına qarşı heç bir tədbir görülməyib, özünün su hovuzu, transformator binası yoxdur, binanın yerləşdiyi sahə isə özəl deyil və belə çatışmazlıqları çox sadalamaq olar. Bina çöl fasadından yeni tikiliyə yox, ümumi yataqxanaya oxşayır. Binanın aşağı hissəsi ilə ən hündür hissəsində 40 sm-dən çox fərq var”.

Sakinlərin dediyinə görə, “Rahat” MTK-da 241 ailə, “Kənan-Turan” MTK-da isə 132 ailə yaşayır: “373 ailədə 400 nəfərdən artıq əsgər böyüdürük. Bu uşaqların aqibəti necə olacaq? Biz bir valideyn kimi istəyirik ki, uşaqlarımız sağlam olmaqla yanaşı, həm də sağlam ruhda böyüsünlər. Kimlərinsə varlanmasına görə biz və uşaqlarımız niyə əziyyət çəkib xəstə düşməliyik?”

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənməyə çalışdıq. Şikayətdə adı çəkilən Rasim Həsənov hazırda xəstə olduğunu, ətraflı danışa bilməyəcəyini deyib. Buna görə də sakinlərin şikayətinə “Rahat” MTK-nın direktoru Ələddin Məmmədhəsənov münasibət bildirib: "Sakinlərin çıxarış ala bilməməsi və ikinci yük liftinin quraşdırılmaması ilə bağlı şikayətləri var. İkinci yük liftini quraşdırılmasına artıq başlanılıb. Çıxarış almaq üçün də sənədləri müvafiq qurumun Abşeron şöbəsinə vermişik, yəni ləngimə bizim tərəfdən deyil. Şikayəti yəqin çoxdan yazıblar, amm bir 10-15 gündür ki, bu məsələ operativ formada həllini tapır. Liftlərin qoyulmasında gecikmə də subyektiv səbəblərdən idi. Biz bu işləri Alış adlı bir nəfərə tapşırmışdıq, o da müxtəlif səbəblər göstərib yayınırdı, gah xəstə olduğunu, gah pulunun olmadığını deyirdi. Halbuki biz ona həm pul, həm də obyekt vermişdik. Allahın köməkliyi ilə bir aya bir neçə lift quraşdırılacaq”.

Ələddin Məmmədhəsənov binada vergidən yayınma ilə bağlı iddalara da münasibət bildirib: “Bu söhbət yalandır. Vergi söhbətini heç pulla həll etmək olar? Onu əvvəl “Rahat” MTK sədri işləmiş Mübariz Vəliyev adlı şəxs deyir. Sakinlər o söhbətləri heç bilmir də. Bütün vergi yoxlamaları elə Mübariz Vəliyevin dövründə olub. İndi bu gün başqa söhbətlər etməklə deyil ki... Sakinlərə işıq lazımdır, su lazımdır. Sakinin nəyinə lazımdır ki, su və işıq bunun balansındadır, yoxsa başqasının balansında? Bütün bunları yazan Mübariz Vəliyevdir. Sakinlərin adından da şikayət yazan odur. O elə neqativ hərəkətlərinə və sakinlərin narazılığına görə işdən çıxarılıb. Mübariz Rasimin qohumudur, gətirib işə qoyub, çörək verirdi. Camaatın bu məsələlərə aidiyyəti yoxdur. Camaat nə bilir vergi nə qədərdir, nə harada yerləşir? Hansı MTK-nın balansında 800 ton su hovuzu var? Amma bizdə var”.

Binanın yerləşdiyi sahənin özəlləşdirilməsi məsələsinə gəldikdə isə, MTK direktoru bu məsələdə o vaxt səhlənkarlıq olduğunu deyib: “Mən sənədləri bir-bir göstərə bilərəm. İcra hakimiyyətinin sərəncamı, rəyi, bələdiyyənin rəyi, alqı-satqı müqaviləsi, yəni bütün sənədlər var. Sadəcə, o vaxtı səhlənkarlıq edib, torpağın çıxarışını götürməyiblər. Ondan sonrakı, əvvəlki sənədlərin də hamısı var. İndi bu çıxarış üçün də idarə ilə danışmışıq ki, biz məhkəməyəmi verək, məhkəmə qərar versin, yoxsa özünüzmü məşğul olursunuz? Onlar da əlimizdə olan bütün sənədləri istəyiblər, mən də onları yığıb təqdim etmişəm. Uzağı bir aya onlar bizi sevindirəcəklər. Mən protokolu alan kimi sakinləri çağırıb, sənədi onlara təqdim edəcəyəm. Sakinlərimiz nə məndən, nə də Rasim Həsənovdan narazıdır. Vaxtında bu işlər gecikib, bizim bina Prezidentin güzəştli binalar siyahısına düşüb”.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN