2 dekabr 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Yetkinlik yaşına çatmayanlar arasında aqressiv davranış: Bullinq” mövzusunda dövlət qurumları və vətəndaş cəmiyyətinin dialoqu konfransı keçirilib.
Tezadlar.az xəbər verir ki, konfrans “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası və 10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Günü çərçivəsində keçirilib.
Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva salamlama nitqi ilə çıxış edərək bildirib ki, bullinq təkcə bir fərdi və ailəni deyil, bütün cəmiyyəti narahat edən problemdir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, dünyada uşaqların, yetkinlik yaşına çatmayanların 20%-nin bullinqə məruz qaldığını və ya iştirakçısı olduğunu diqqətə çatdıran A.Sofiyeva vurğulayıb ki, dövlət qurumları və vətəndaş cəmiyyəti təşkilatları uşaqların müdafiəsi istiqamətində koordinasiyalı şəkildə fəaliyyət göstərməli, bütün qüvvələrini səfərbər etməlidirlər.
“Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nda dövlətin uşaq məsələləri ilə bağlı hədəflərinin müəyyələşdirildiyini bildirən Komitə rəsmisi qeyd edib ki, bu hədəflər sırasında çətin həyat şəraitində olan uşaqların müdafiəsinin gücləndirilməsi ən vacib məsələlərdən biri kimi qeyd edilib. Əlavə edib ki, müvafiq sahədə hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı 7 sənədin hazırlanması Komitənin üzərində öhdəlik kimi qoyulmuşdu və onlardan bir neçəsi artıq qüvvəyə minib.
A.Sofiyeva əlavə edib ki, hazırda “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu yenidən işənib hazırlanır. Qanun uşaqların müdafiəsi, inkişafı istiqamətində önəmli hüquqi bazanı formalaşdıracaqdır.
Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq həm uşaqlarla işləyən mütəxəssislərin bacarıqlarının artırılması, həm qeyri-hökumət təşkilatları ilə əməkdaşlığın qurulmasına xüsusi önəm verilir.
Azərbaycanda məktəblərdə bullinqlə bağlı sorğular keçirilərək "Yetkinlik yaşına çatmayanlar arasında aqressiv davranış: Bullinqin aşkarlanması üzrə analitik hesabat" adlı tədqiqat hazırlandığını bildirib.
Konfransın moderatoru – Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova yetkinlik yaşına çatmayanlar arasında aqressiv davranışı-bullinqi sosial-psixoloji problem adlandırıb. Qeyd edib ki, problemə dair hüquqi müxanizm, vahid qayda və professional yanaşma müəyyən edildiyi təqdirdə öz həllini tapa bilər.
Elm və Təhsil Nazirliyinin Uşaq və gənclərin inkişaf siyasəti şöbəsinin müdiri Elnur Əliyev mövzunun aktuallığına diqqət çəkib. Nazirlikdə Uşaq və gənclərin inkişafı siyasəti şöbəsinin yaradıldığını bildirən E.Əliyev, mövcud sahədə preventiv tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Uşaq hüquqları sahəsində mövcud problemlərin ardan qaldırılması üçün konsepsiya sədədinin hazırlandığını qeyd edən Nazirlik rəsmisi, həmin sənəddə uşaq hüquqları, həmçinin onlar üçün sağlam mühit yaratmaq məqsədilə valideynlər üçün təlimlər nəzərdə tutulduğunu diqqətə çatdırıb. Əlavə edib ki, məktəblərdə psixoloji və zorakılıq hallarının qarşısının alınması üçün tədbirlər görülməsi və monitorinqlərin gücləndirilməsi planlaşdırılır.
Məktəbəqədər və Ümumi Təhsil Dövlət Agentliyinin direktor müavini Nərminə Hüseynova çıxışında bildirib ki, bullinq yalnız məktəbdən qaynaqlanmır, burada ailənin də rolu böyükdür. O qeyd edib ki, 2023-2024-cü ildən etibarən Bakı şəhərində 62, rayonlarda isə 300 məktəbdə şagird-davranış qaydaları tətbiq olunub və artıq ilkin nəticələr əldə edilib. Vurğulanıb ki, yaxın zamanda bu qaydalar bütün ölkə üzrə tətbiq olunacaq.
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işlərin təşkili üzrə şöbənin rəis müavini İmran Əliyev, yetkinlik yaşına çatmayanlar arasında belə aqressiv davranış hallarının aradan qaldırılması istiqamətində valideynlər, dövlət qurumları və vətəndaş cəmiyyətinin qarşılıqlı şəkildə komanda kimi mübarizə aparmaqla həllinə nail oluna biləcəyini qeyd edib.
Əməkdar müəllim, Beynəlxalq Humanist Pedaqogika Akademiyasının professoru Asif Cahangirov, Ombudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun müdiri Nigar Ağayeva uşaq hüquqları sahəsində fəaliyyətə vətəndaş cəmiyyətinin, elm və təhsil müəssisələrinin cəlb edilməsi, habelə mövcud problemin koordinasiyalı həllinə nail olunması istiqamətində çıxışlarını səsləndiriblər.
Konfrans çərçivəsində təhsilin idarəolunması üzrə fəlsəfə doktoru, təhqiqatçı Qoşqar Məhərrəmov tərəfindən Dövlət Komitəsinin sifarişi əsasında hazırlanmış “Yetkinlik yaşına çatmayanlar arasında aqressiv davranış: Bullinq” adlı analitik hesabatın təqdimat mərasimi baş tutub.
Bakı şəhərinin bütün rayonlarından yerli icra hakimiyyəti orqanlarının Yetkinlik yaşına çatmayanlarla işin təşkili üzrə məsul katiblərin və psixoloqların, polis idarələrinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili üzrə inspekrotların, məktəb direktorlarının və psixoloqların, qeyri-hökümət təşkilatlarının nümayəndələri iştirakı ilə keçirilən konfransda müzakirələr aparılıb, təkliflər səsləndirilib.
R.XUDATQIZI