Minsk Belarus və Rusiya tərəfindən qaz, neft və neft məhsulları üçün vahid bazarın tezliklə işə salınmasına ümid edir.
Tezadlar.az xəbər verir ki, bunu Belarus və Rusiya İttifaqının Ali Dövlət Şurasının Minskdə keçirilən iclasında respublika prezidenti Aleksandr Lukaşenko deyib.
“Bərabər və ədalətli iqtisadi mühitin işləməsi üçün biz qaz, neft və neft məhsulları üçün vahid bazarların tezliklə işə salınmasına ümid edirik”, - o deyib.
Lukaşenko əlavə edib ki, cümə günü daha bir mühüm addımın atılması - vahid elektrik enerjisi bazarının formalaşdırılması haqqında sazişin imzalanması planlaşdırılır.
Yanvarda Lukaşenko etiraf edib ki, Belarus və Rusiya hələ də ümumi karbohidrogen bazarlarının yaradılması barədə qərar qəbul etməyiblər. Oktyabrda Belarus Baş nazirinin müavini Viktor Karankeviç qeyd edib ki, ölkələr vahid bazar modelinin qurulması, habelə 2025-ci ildən sonra Rusiya qazının respublikaya tədarükü şərtləri üzrə danışıqlar prosesini davam etdirirlər. Öz növbəsində Rusiyanın Minskdəki səfiri Boris Qrızlov bildirib ki, Rusiya dəstək tədbiri kimi Belarusa öz bazarına karbohidrogenlərin tədarükü, hasil olunan neft məhsullarının Rusiya limanları və dəmir yolu ilə tranzitlə yüklənməsi və daşınması üçün maksimum üstünlüklər verib.
2021-ci il noyabrın 4-də Ali Dövlət Şurasının iclasında Putin və Lukaşenko iki ölkənin gələcək inteqrasiyasını müəyyən edən birlik proqramlarını təsdiqləyiblər. Bu 28 sənəd ilk növbədə iqtisadi inteqrasiyaya, xüsusilə qaz, neft və neft məhsulları, eləcə də elektrik enerjisi üçün ümumi bazarların yaradılması, vahid kənd təsərrüfatı və sənaye siyasətinin formalaşdırılmasına həsr olunub.
E.ŞİRİNOV