"Sahil-S İnşaat” MTK Qarabağda döyüşmüş hərbçilərin evlərini əlindən alır.
Bu barədə sözügedən şirkətdən mənzil alan Aygün Əsədova bildirib.
"Mənim həyat yoldaşım və qaynım hərbçidir. Qarabağda döyüşüblər. Həyat yoldaşım hazırda Laçında hərbi xidmətdədir. Biz "Sahil-S İnşaat” MTK-dan kreditlə 121 kvadratmetrlik mənzil almışıq. İlkin olaraq 15 min manat ödəmişik. İki il ərzində isə hər ay 500 manat kredit vermişik. Heç bir gecikmə olmayıb. Lakin məhkəmədən bizə bildiriş gəlib və məlum olub ki, şirkət bizi məhkəməyə verərək qalıq pulun hamısını ödəməyi, əks təqdirdə, mənzildən çıxarılmağımızı tələb edir. Məhkəmə şirkətin lehinə qərar çıxarıb. Qaynım da oxşar halla üzləşib”, - deyə A.Əsədova əlavə edib.
Onun sözlərinə görə, şirkətin rəhbərliyi ilə görüşərək məsələyə aydınlıq gətirilməsini istəyib. A.Əsədovaya bildirilib ki, o, ya qalıq pulun hamısı ödənilməli, ya yenidən müqavilə bağlanaraq birotaqlı mənzillə razılaşmalı, ya da yeni binanın tikilməsini gözləməlidir: "Bu şərtlərin hamısı bizim ziyanımızadır. Təsəvvür edin, bizdən qalıq pulun hamısını tələb edirlər, amma bu günə qədər ödədiklərimizi qaytarmaq istəmirlər. "Qaytaracağıq" desələr də, inandırıcı görünmür. Çünki qaynıma hələ də pulu qaytarmayıblar. Birotaqlı mənzili isə kvadratmetri 900 manata satmaq istəyirlər. Yeni binaya gəlincə, bu da inandırıcı deyil. Çünki hazırkı binanı güc-bəla ilə tikib qurtarıblar. Təsəvvür edin, anam cehiz pulumu ilkin ödəniş kimi verib. İndi istəyirlər ki, həmin mənzili əlimizdən alsınlar. Qalıq pulun birdəfəlik ödənilməsi sadəcə bəhanədir”.
A.Əsədova məsələ ilə bağlı Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edəcəyini deyib: "Bizə qarşı açıq-aşkar haqsızlıq edilir. Bu evləri alanların hərbçi olduqları da nəzərə alınmır. Əgər biz ödənişləri gecikdirsəydik, şirkətə hansısa problemlər yaratsaydıq, onların bu addımına etiraz etməzdik. Amma məsələ burasındadır ki, belə bir hal olmayıb. Sadəcə, əvvəl satdıqları mənzilləri müxtəlif yollarla başqalarına satırlar. Mənim kimi başqa şəxslər də bu oyuna düşüb”.
Məsələ ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq.
E.ŞİRİNOV