Əfqanıstanın paytaxtı Kabilin şərqindəki Baqrami rayonunda təhlükəsizlik qüvvələrinə məxsus yük maşınına hücum məqsədiylə yol kənarına qoyulmuş qurğunun partlaması nəticəsində azı bir uşaq ölüb, dörd təhlükəsizlik əməkdaşı yaralanıb.
Xarici KİV-lər xəbər verir ki, bu barədə məlumatı yerli polis orqanları yayıb.
Qeyd olunur ki, hadisə günorta radələrində baş verib. Avtomobil ərazidən keçərkən yol ayırıcısında yerləşdirilmiş əldəqayırma bomba işə düşüb. Nəticədə bir uşaq həyatını itirib, 4 nəfər xəsarət alıb. Onlar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər.
Partlayış nəticəsində bir neçə avtomobilə və yaxınlıqdakı binalara da ziyan dəyib. Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.