Sizlərə 44 günlük müharibədə döyüşən bir igidimiz haqqında söhbət açmaq istəyirik. Bu igid Bakıda doğulandan Laçını görməyən, lakin o yerlərin həsrəti ilə böyüyən əslən Laçın rayonunun Bozlu kəndindən olan Həsənov Pərviz Şahlar ogludur.
O, 1997-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. Atası Həsənov Şaxlar Abşeron rayonunun Masazır qəsəbəsində İcra nümayəndəsi vəzifəsində çalışır. Anası Lalə Həsənova müəllimədir. Bacısı Ayşən Azərbaycan Dillər Universitetində ingilis dili müəlliməsidir, qardaşı Təbriz isə Polis Akademiyasını bitirb. Hal-hazırda hüquq-mühafizə sahəsində çalışır.
Pərviz Həsənov Abşeron rayonunun Masazır qəsəbəsində fəaliyyət göstərən Laçın rayon 15 nömrəli tam orta məktəbi bitirib. Öz təlim-tərbiyəsi ilə həmişə müəllimlərinin nümunəvi şagirdi olub. 2019-cu ildə İdman Akademiyasını bitirib, elə həmin ilin oktyabr ayında hərbi xidmətə çağrılıb. Gəncə şəhərindəki "N" saylı hərbi hissədə vətənə olan borcunu layiqincə yerinə yetirib. Hərbi xidmətini başa vurmağa 3 gün qalmış İkinci Qarabağ müharibəsi başlayır. Pərviz də digər vətən oğulları kimi yüksək əhval-ruhiyyə ilə əvvəl Füzuli rayonunun erməni işğalçılarından azad olunması uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmancasına iştirak edir. Sonra Cəbrayıl rayonunda şiddətli döyüş yolu keçən igidimiz baş atıcı olur.
Oktyabrın 17-də Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə hücum zamanı minamyot qəlpələri ilə qolundan və bel nahiyəsindən yaralanır. Döyüşçülərə gətirilən dəbilqələrin (kaskaların) sayının biri əskik olduğundan və Pərviz döyüşçü yoldaşlarını daha çox düşündüyündən özü kaskasız döyüşməli olur. Pərviz yaralı olmasına baxmayaraq, bir ayağını itirən döyüşçü yoldaşını təhlükəli zonadan çıxararaq ölümdən qurtarır. Pərviz 18 gün hospitalda müalicə olunur və yaralandığını öz valideynlərinə bildirmir. Sağaldıqdan sonra Laçının alınması uğrunda gedən döyüşlərə qatılaraq rayonun Güləbird və Səfiyan kəndlərinin azad olunmasında qəhrəmancasına döyüşür. Pərviz ata yurdundan, əzəmətli dağlardan yığdığı kəklikotunu, itburnunu buşlatının döş cibində, ürəyinin üstündə gətirdiyi bir ovuc vətən torpağını otuz il vətən həsrətində olan laçınlılara ərmağan edir.
Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin sərəncamı ilə Həsənov Pərviz Şahlar oğlu Cəbrayılın azad olunmasına görə medalı, Qubadlının azad olunmasına görə medalı və Hərbi Xidmətlərinə görə medallarla ilə təltif olunub.
Öz ata-baba yurdunu yağı tapdağından azad edən Pərviz Həsənovun timsalında bütün döyüşçü dostlarına cansağlığı arzulayırıq.
E.ŞİRİNOV