Bu gün Ukraynada  təkcə slavyan xalqları deyil, həm də müsəlmanlar bir-birinə qarşı savaşırlar.

Görəsən bu müharibədə daha hansı xalqların nümayəndələri iştirak edirlər?  Bəs Moskvada “NAMƏLUM ƏSGƏR”in məzarında uyuyan döyüşçü hansı xalqı oğludur?

Mən bir dəfə bu barədə yazmışdım: 

...Hər il 9 mayda Moskvada Kremlin divarları yaxınlığında, Aleksandr bağında “Naməlum əsgər”in abidəsi önünə əklil qoyanda görəsən  V. Putin nə düşünür? Heç olmasa, özünə bir dəfə sual  verirmi ki,  ha,  bu  “Naməlum  əsgər”  Moskva uğrunda həlak  olan azərbaycanlı, qazax,  gürcü,  latış,  ukraynalı,  tatar, bir sözlə,  Rusiyanın ərazisində yaşayan başqa xalqlardan birinin  nümayəndəsidir?!  Əgər  bu barədə düşünsəydi, yəqin ki, Putin hakimiyyəti dövründə Kremlə itaət etməyən xalqlardan nə qisas alardı, nə də  onalara öz zövqünə uyğun gələn  RƏHBƏR  “təyin  etməyə”  ÇABA göstərərdi.   Bu faktları indi keçmiş SSRİ ərazisində yaşayan xalqıların  hamısı  yaxşı bilirlər. Elin sözü əvvəl - axır düz olur. Zərdüşt peyğəmbərin təbirincə desək, əsl  HƏQİQƏT də sadə xalqın arasında yaşayır. Şübhəsiz ki, həqiqət anlayışı Ağ Ev,  Kreml və  başqa  dəbdəbəli  DÖVLƏT saraylarından, eləcə də Qərbi Avropanın “böyük-böyük” siyasətçilərindən çox uzaqdadır...  Rusiyanın tanınmış musiqiçisi Andrey Makareviç isə öz sosial şəbəkə hesabında yazıb: “Elə bilirsiniz, Putin nüvə müharibəsinə başlamaz? O, qərar veribsə, başlayacaq. Amma birinci atışdan sonra dünyanın qalan hissəsi 15 dəqiqə ərzində Rusiyanı Yer üzündən siləcəklər."

 Nobel Komitəsi ədalətlidirmi?

 Bu gün Avropanın “başbilənləri”  Rusiya-Ukrayna  müharibəsini dayandırmaq əvəzinə Ukrayna prezidenti Zelenskinin Nobel Sülh Mükafatına namizədliyini irəli sürürlər (?!) və  bununla  sanki Kreml çarını  bir az da qəzbləndirirlər. Belə  çıxır ki,  müharibə alovunun dünyanı bürüyəcəyinin fərqinə varmırlar!  Martın 31-nə hələ çox var və Allah eləməmiş bu 10 gün ərzində Rusiya daha təhlükəli silahlar tətbiq etməklə  BÖYÜK fəlakətlərə, BƏŞƏRİ faciəyə səbəb ola bilər...

 HAŞİYƏ: Tədqiqatçıların hesablamalarına görə, 1945-ci ildən – yəni  İkinci Dünya müharibəsindən  üzü bəri planetdə bir aya yaxın (26 gün) dinclık mövcud olub. Və bu 77 il  ərzində dünyada  onlarla  ictimai-siyasi xadim  Sülh üzrə Nobel mükafatına  layiq görülmüşdür. Əslində  Sülh mükafatı Nobel Komitəsi tərəfindən  millətlər arasındakı dostluq, daimi orduların ləğvi və ya azaldılması və sülhün təşviqi üçün ən çox və ya ən yaxşı işlər görmüş şəxsə təqdim edilir. Çox qəribədir ki,  M.  Qorbaçov  17 dekabr 1986-cı ildə  Alma-Atada 174 nəfər, 9 aprel 1989-cu il Tiflisdə 19 nəfər, 19-20 yanvarda 1990-cı ildə  Bakıda 147 nəfər dinc sakini qətlə yetirəndən sonra bu mükafata layiq görüldü. Və 1990-cı ildə ona  Nobel  Sülh mükafatı təqdim olunandan sonra 13 yanvar 1991-ci ildə  Vilnüsdə  növbəti dəfə qanlı  cinəyət törətdi.

2009 -cu ildə  isə bu  mükafata ABŞ prezidenti Barak Obama da layiq görüldü. Doğrudur,  Obamanın mükafatlandırılması o zaman tənqidsiz  ötüşmədi. Axı,  Əfqanıstanda 30 min əsgəri olan Amerika prezidentinin sülh mükafatına layiq  görülməsi heç bir məntiqə sığmırdı...

   Ona qalanda L. Breynev 18  illik hakimiyəti dövründə  Nobel  Sülh mükafatına daha  çox  layiq idi  və  Mixail Qorbaçovdan,  Barak  Obamadan  qat-qat artıq  sülhə, dinc yanaşı yaşamağa xidmət etmişdi.

   Putinin “parçala, hökm sür” siyasəti

    Putin hakimiyyətə  gələndən rus imperializminin  keçmiş  SSRİ-nin regionlarında və dünyada  apardığı  hegemonçuluq siyasəti  BMT -nin  gözləri qarşısında baş verib. Təbii ki, mən  siyasətçi deyiləm və baş verən hadisələrə humanist  nöqteyi -nəzərindən  yanaşıram. Bu gün Ukraynadakı müharibə milyonlarla  insanı pərən-pərən salır. Qadınlar və uşaqlar atəş altında -mühasirədə qalıblar. 100 -dən çox uşaq qətlə yetirilib.  Minlərlə yaşayış binası yerlə-yeksan edilir. Milyonlarla adam ölkəni tərk edir. ABŞ senatı Vladimir Putini  “hərbi cani”  elan etsə də,  Ukraynada zorakılıq, hərbi cinayətlər hələ də davam edir. 2020-ci ildə yenilənən konstitusiya  isə Vladimir Putinə 2024 və 2030-cu illərin prezident seçkilərinə də qatılmaq imkanı verir(?!)  

   Dostoyevski deyirdi ki, xalqın içindəki ÇİRKABI xalqın özünə şamil etmək olmaz!

   Sözsüz ki,  PUTİN  CANİ OBRAZINI  ÖZÜ YARADIB.  Həm də təkcə bu gün Ukraynada apardığı dağıdıcı müharibəyə görə yox!

     Məsələn, illər öncə İrəvana  gedəndə niyə Putin, yaşından  qabaq  olan  qondarma “Erməni soyqırımı” abidəsini ziyarət etdi,  amma Bakıya  gələndə  az qala gözünün qabağında baş  verən  20 Yanvar  şəhidlərini,  Xocalı soyqırımı abidəsini  bir dəfə olsun ziyarət etmədi? 

    Başqa bir sual. Necə olur  “durğunluq  dövrü adlandırılan” Brejnevin 18 illik  rəhbərliyi dövründə  ABŞ Kremllə ehtiyatlı davranırdı, amma indi  yox?  Deyəcəksiniz ki, onda Varşava Müqaviləsi Təşkilatı var idi?  Cavab  birmənalıdır, Əgər NATO Ağ evdən idarə  olunursa,  VMT -ni həmişə Kreml idarə edirdi. Yəni,  Rusiya  Gürcüstanda, Suriyada, Qarabağda, Qazaxstanda və  bu gün Ukraynada  hərbi  müdaxilələrə  xərclədiyi  milyardlarla vəsaitin  10 -15  faizi ilə  gedib ABŞ-ın  burnun ucunda  SSRİ kimi hərbi bazalar yerləşdirə bilməzdimi?  Yerləşdirərdi,  istəsəydi Kubada, Cənubi Amrerikada və başqa yerlərdə bunu edərdi. Bu gün Ukraynada  müharibənin gedişatı  onu göstərir ki, NATO-ya üzv olmasa da Putin  bu ölkəni xəritədən silmək istəyir.  Rus  xalqının müharibəyə etiraz edən  görkəmli adamlarılnı  15 il həbs cəzasıyla hədələyir. Müharibə isə  minlərlə gənc əsgəri,  yüzlərlə  mülki insanı QARA ƏJDAHA kimi udur.  Dinc əhaliyə qarşı "cəhənnəm silahı" tətbiq edilir. Kütləvi məzarlıqların sayı-hesabı bilinmir. Bəşəriyyət böyük MÜSİBƏTƏ hamilədir. 3-cü CAHAN savaşısının başlaması AN məsələsidir. Bu gün DÜNYANIN TALEYİ dinindən, irqindən asılı olmayaraq hamını narahat etməldir. Qərim bir məsəldə deyildiyi kimi, TOPPUZ işlədilə bilən yerdə QILINCDAN istifadə etməzlər!

Lukaşenkonun Putin sevgisi və...

  Putin və onun təraftarları deyir ki, Ukraynanın ərazisində faşistlər və ya neofaşistlərlə vuruşur. Əgər Ukraynada faşist və ya neofaşist varsa,  onda  niyə qaçqınlar Rusiyaya üz tutmurlar? Və ya  həmin  neofaşistlər  niyə Rusiyanın  doğum evlərini,  xəstəxanalarını, mədəniyyət saraylarını, yaşayış evlərini, uşaq bağçalarını, qocalar evini və s. mülki obyektlərini  bombalamırlar?

  Üstəlik müaharibə bölgəsinə Suriyadan 16 min muzdlu döyüşçü – terrorçu  gətirmək faktı dünyada güclü ordusu olan Rusiyanın adına ləkə deyilmi? Lukaşenko deyir ki, Ukraynada Belarus kimi dövlət qurulmalıdır. Yəni “Fatı qalx, Fatı otur” diktəsi ilə fəaliyyət göstərməlidir. Yaxş bilir ki, Ukraynada Putinin məğlubiyyəti onun da diktatura rejimini suquta uğrada  bilər.

  Kreml  “mənəm-mənəmlik” siyasəti  ilə müstəqil olmaq istəyən  çeçenləri tar-mar etdi,  oranın idarəçilyini Putin  özünə sadiq  birinə həvalə etdi.  Bəs  niyə Ukrayna hökümətinə  öz ərazisində yaşayan rusları  -yəni öz vətəndaşlarını  idarə etməyə imkan vermir?  

Rusiya müstəqil dövlətlərin ərazilərinə  - Gürcüstana,   Azərbaycanda Xankəndinə, Xocalıya,  Qazaxıstana qoşun yeridəndə özünü “haqlı” sayır,  amma  bu gün öz ərazisində  özünü müdafiə edən  Ukrayna xalqına  cinyətkar, terrorçu, faşist, neofaşist və s. damğalar vurur.  Belə çıxır  ki,  bu gün Dərbənddə azərbaycanlılar incidilirsə Azərbaycan ora, Urimçidə zorkılığa məruz qalan uyğurlara görə Türkiyə Çinə qoşun yeritməlidir?

Bu gün  Rusiyada 190-dan çox xalq  yaşayır. Putin Lujniki stadionundakı  “aktyorsayağı” çıxışında bu rəqəmin 200-ə yaxın olduğunu bildirdi.  Bəli,  bu gün müharibədə  onlar da vuruşurlar və Putinin siyasi ambisiyasına görə  həlak olurlar. Ən dəhşətlisi də odur ki, Ukrayna tərəfdən də, Rusiya tərəfdən də bizim azərbaycanlılar döyüşürlər. Necə deyərlər qardaş-qardaş  silah çəkib bir-birini öldürür...

 Bilmirəm, bu il  9 mayda Putinə “Naməlum Əsgər”in məzarına əklil qoymaq qismət olacaq, ya yox?! Amma  onu  bilirəm ki,  bu  dəfə də həmin naməlum  əsgərin  hansı xalqın oğlu olduğunu düşünməyəcək...

(21.03.22)

 Nurəddin ƏDİLOĞLU 

 

 

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN