Vətən müharibəsi qazisi Davud Bağırzadə əlillik dərəcəsi ala bilməməsi ilə bağlı redaksiyamıza müraciət edib.

Qazinin bildirdiyinə görə, o, Tovuz döyüşlərindən sonra orduya könüllü yazılıb, 44 günlük Vətən müharibəsində iştirak edib. Füzuli, Xocavənd istiqamətində ağır yaralanıb. Ön cəbhədən Füzuli Mərkəzi Rayon Xəstəxanasına təxliyə edilərək əməliyyat olunub. Hazırda qolunda, ayağında, boynunda qəlpə yaraları var, səhhəti ona işləməyə imkan vermir. Buna baxmayaraq, 1 il 6 aydır ki, əlillik dərəcəsi ala bilmir.

Şikayətçi yazır ki, sonra Mingəçevir xəstəxanasına göndərilib, bağırsaq və qaraciyərindən əməliyyat olunub. Daha sonra Bakıda Hərbi Hospitalda müayinələrdən keçib və lazımi sənədlərini alıb: “Mənə deyirlər ki, sizin xəstəliyinizə əlillik təyin olunmur. Nə etməli idim, ölməli idim? Qarnımda 20 tikiş var, qolumda qan işləmir, rahat hərəkət etdirə bilmirəm. Həm də hissiyat yoxdur. Ayağım da axsayır. Belimdə o qədər ağrılar var ki, səhərə qədər yata bilmirəm. Belim ağrımasın deyə taxta üzərində yatıram. İndi vəziyyətimə görə işləyə bilmirəm. Mənə 80 manat təqaüd verilir. O da heç dərmanlarıma kifayət eləmir, mən hər gün dərman atıram. O qədər əsəbi olmuşam ki, evimdə mənimlə rahat danışa bilmirlər.

Atam rəhmətə gedib, anam və bacımla qalırıq. Bacım ödənişli təhsil alır, onun üçün pul lazımdır. 27 yaşım var, indiyə kimi heç kimdən bir manat pul istəməmişəm. Amma indi bu vəziyyətə düşmüşəm. Mən də işləyə bilmirəm ki, özümə baxım”.

Məsələ ilə bağlı ƏƏSMN-in Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi qazinin mart ayında əyani müayinə edildiyini və əlilliklə bağlı müraciətinə imtina verildiyini bildirib: “Vətən müharibəsi iştirakçısı Bağırzadə Davud Rasim oğlu 01.03.2022-ci ildə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə edilib.

Müəyyən edilib ki, aidiyyəti qurum tərəfindən təqdim edilən sənəddə D.Bağırzadə barəsində “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, nazik bağırsağın zədələnməsi ilə müşayət olunan kor qəlpə yaralanması” diaqnozu qeyd edilib. Müayinə zamanı D.Bağırzadənin orqanizmində əlillik təyinatına əsas yaradan ağırlaşmalar olmadığı müəyyən edilib və bu səbəbdən əlillik təyin edilməsindən imtina qərarı verilib”.

Onu da qeyd edək ki, Davud Bağırzadə Vətən müharibəsində göstərdiyi şücaətə görə Xocavənd və Füzulinin azad olunmasına görə medalları ilə təltif olunub.

 E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN