Azərbaycan Vəkillər Kollegiyası Avropa Vəkillər Kollegiyaları Assosiasiyasına (CCBE) üzvlüyə qəbul olunub.

Bu barədə kollegiyanın rəyasət heyətinin üzvü Vüqar Babayev məlumat verib.

Vəkil bildirib ki, İrlandiyanın paytaxtı Dublin şəhərində keçirilən plenar iclasda uzunmüddətli sual-cavab prosesindən sonra Vəkillər Kollegiyası böyük səs çoxluğu ilə CCBE-yə üzv olub: "CCBE” Avropa Şurası və Avropa İttifaqına üzv olan ölkələrin vəkillər kollegiyalarını və 1 milyondan çox vəkili birləşdirən nüfuzlu təşkilatdır. Təşkilatın fəaliyyətinin əsas məqsədini vəkil peşəsini tənzimləyən normativ qaydaların qəbulu vasitəsilə qanunun aliliyi, insan haqları və demokratik dəyərlərin müdafiəsi təşkil edir. Hesab edirik ki, bu, son dörd ilin ən böyük uğurlarından biridir. Bu uğur ölkəmizin imicinə də müsbət təsir göstərir.

İllər ərzində həmin təşkilatla gərginlik yaşanıb və tənqidi fikirlər səsləndirilib. Amma dövlətimizin uğurlu xarici siyasəti nəticəsində bizə qarşı münasibətlər artıq dəyişir, beynəlxalq sahədə aktiv fəaliyyət, bu kimi uğurlar və üzvlüklərlə əsassız fikirlərə qarşı mövqe sərgiləmək və ölkəmizin maraqlarını dəstəkləmək imkanı daha çox yaranır".

V.Babayev qeyd edib ki, bu üzvlüklə Azərbaycan vəkillərinin avropalı vəkillər, kollegiyalar, o cümlədən hüquq cəmiyyətləri ilə əməkdaşlıq imkanları genişlənəcək. Avropada təcrübə keçmək imkanları mümkün olacaq, vəkillərin peşə hazırlığı artırılmaqla, onların fəaliyyətinin Avropa standartlarına uyğun həyata keçirilməsində müstəsna əhəmiyyət kəsb edəcək. Eyni zamanda bu üzvlük Vəkillər Kollegiyasının işinin daha da təkmilləşdirilməsi üçün böyük imkanlar yaradır: "Təbii ki, bu uğura aparan yol Azərbaycanda həyata keçirilən ardıcıl hüquqi islahatlar, vəkillik institutunun təkmilləşdirilməsi istiqamətində dövlət səviyyəsində atılan ciddi addımlar və mütərəqqi təcrübəyə söykənən səmərəli fəaliyyətlə müşayiət olunur. Ötən dövr ərzində CCBE ilə əməkdaşlıq çərçivəsində Azərbaycan vəkillərinin peşə davranış qaydalarını tənzimləyən əsasnamə CCBE-nin Avropa vəkillərinin etik davranış kodeksinə uyğunlaşdırılıb, kodeksin mütərəqqi normaları əsasnaməyə inkorporasiya olunub. Bundan əlavə, Avropa İnsan Haqları Məhkəməsinin presedent praktikası, habelə deontolgiya mövzularında keçirilən təlimlər Azərbaycan vəkillərinin peşə hazırlığının yüksəlməsinə mühüm töhfə verib".

Bu, eyni zamanda Vəkillər Kollegiyasının işinin mütərəqqi metodların tətbiqi ilə daha da təkmilləşdirilməsinə təsir göstərən mühüm amildir: "Böyük siyasi əhəmiyyət kəsb edən bu nailiyyət həm də Azərbaycan vəkilləri üçün artıq beynəlxalq tribuna vasitəsilə Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətlərini digər beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə çatdırmaq imkanı yaradır.

İkili standartların hələ də mövcud olduğu bir şəraitdə Azərbaycan Vəkillər Kollegiyasının Avropanın nüfuzlu CCBE təşkilatına böyük səs çoxluğu ilə üzv seçilməsi həm də ölkəmizin bugünkü reallıqlarının etirafı və son illər demokratiyanın, insan hüquqlarının daha vüsətlə inkişaf etdiyi Azərbaycanın hüquq institutlarının fəaliyyətinə verilən yüksək qiymətdir".

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN