"Gürcü Arzusu" siyasi partiyasının sədri İrakli Kobaxidze, prezident Salome Zurabişvilinin təşəbbüsü ilə baş tutan aksiyaya münasibət bildirib.
TEZADLAR.AZ xəbər verir ki, Kobaxdize prezidentin heç bir hazırlıq görmədən təşəbbüslər irəli sürdüyünü və buna görə də aksiyaya çox az insan gəldiyini bildirib. Kobaxidze deyib ki, prezident onlara güvənmir: "Biz bəyan etmişdik ki, aksiya təmamilə hazırlıqsız təşkil edilib. 300 nəfərlik aksiya Gürcüstan reallığından təmamilə uzaqdır. Bizim 3 700 000 nəfər əhalimizin 3 500 000 nəfəri, 85%-i Avropa inteqrasiyasını dəstəkləyir, ancaq aksiyaya 300 nəfər getmişdi. Onların 200 nəfərdən artığı prezident, səfirlər, jurnalistlər, administrasiya işçiləri və polislər idilər. Belə bir hazırlıqsız təşəbbüslə çıxış etdiyin zaman, minimum kimdənsə soruşmalısan. Elementar olaraq kimsə Tbilisi meriyasını hərəkəti məhdudlaşdırmaq üçün xəbərdar etməliydi ya yox? Nə hərəkət məhdudlaşdırılmışdı nə də insanlar aksiyaya gəlmişdi. Təəssüflər olsun ki, prezident adətən bizim sözümüzə güvənmir və bu onun özünə pis şəkildə geri qayıdır", - deyə Kobaxidze əlavə edib.
Xatırladaq ki, ötən gün ölkə prezidenti Salome Zurabişvilinin çağırışı və iştirakı ilə paytaxt Tbilisidə "Avropa kursuna dəstək" aksiyası baş tutub. Aksiyada Avropa İttifaqının (Aİ) Gürcüstandakı səfiri Karl Hartzel, ABŞ səfiri Kelli Deqnan, Fransa, Almaniya, digər ölkələrin səfirləri, ictimai fəallar və sıravi vətəndaşlar da iştirak ediblər.
24news.ge