Bu günlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında keçirilən aksiya zamanı qapını sındıraraq içəri daxil olan, hadisədən sonra isə əlillik təyin edilən Elçin Verdiyev üzləşdiyi problemlərdən gileylənib: "Nazirlik mənə qapını sındırandan sonra əlillik təyin etdi. Bu, o demək deyil ki, mənim gözümdən pərdə asdılar. Narazılıqlarım var. Hazırda nazirliyə gedirəm, sənəd istəyiblər. Əlillik verilməyinə baxmayaraq, hələ də məni süründürürlər. Kartım verilməyib, bununla bağlı mənə deyilir ki, ora get, bura get".
Vaxtilə Hövsanda təkərlərin arasında yatan qazi hazırda kirayədə qaldığını bildirib: "Təkərlərin arasında yatırdım. Qazi yoldaşlarım sayəsində kirayəyə çıxdım. Aylıqlarını alanda kirayə pulumu ödəməyim üçün hərəsi 20-30 manat kömək edirlər. Gənc Qazilər İctimai Birliyinin sədri Hacı Vəliyev bizim rəhbərimizdir, sağ olsun, köməkliyi dəyir. Bloqer Elçin Lənbəranski nazirliyin qapısı qırılandan sonra yalandan yazıb ki, guya mənə kömək edib. Həmin ərəfələrdə Hacı müəllim və qazilərlə məni təkərlərin arasından götürüb. Kirayə haqqımı da qazi qardaşlarım ödəyir".
Kirayə haqqının 230 manat olduğunu deyən qazi mənzil üçün kommunallarla birgə 300 manat ödədiyini bildirib. Ana- atasının rayonda yaşadıqlarını, ailəvi məsələyə görə onlarla əlaqəsinin olmadığını da qeyd edib.
Qeyd edək ki, bir müddət öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında keçirilən aksiyada iştirak edən qazi Elçin Verdiyevə sözügedən hadisədən sonra əlillik dərəcəsi təyin edilib...
E.ŞİRİNOV