Xəzər dənizi qapalı su hövzəsidir və onun dünya okeanı ilə əlaqəsi olmadığı üçün səviyyəsinin dəyişməsi iqlim amilləri ilə bağlıdır.
Bu fikirləri AMEA-nın Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzərin hidrometeorologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov bildirib.
“Xəzər dənizi qapalı su hövzəsidir. Onun dünya okeanı ilə əlaqəsi olmadığı üçün səviyyəsinin dəyişməsi iqlim amilləri ilə bağlıdır. Xəzərin səviyyəsi onun su balansı ilə müəyyən olunur. Bunlar Xəzərə tökülən çaylar, yağıntılardır və dənizin gəlir hissəsini təşkil edir. Bir də Xəzərin səthindən suyun buxarlanması var. Bu isə çıxar hissədir. Deməli, bunların münasibətindən asılı olan proses var, yəni buxarlanma, çayların gətirdiyi və yağıntıların suyundan çoxdursa, səviyyə aşağı düşür. Əksinə olduqda isə səviyyə qalxır”, - mütəxəssis deyib.
Səid Səfərov qeyd edib ki, Xəzərin tarixi ərzində səviyyə bir neçə dəfə qalxıb və sonra düşüb.
“1990-cı illərdə Xəzərin səviyyəsi 2,5 metrə qədər qalxdı və əvvəlki illərdən daha böyük problemə səbəb oldu. Əraziləri su basdı, infrastruktura böyük ziyan dəydi, gəmiçilikdə, balıqçılıqda, neft çıxarılmasında, daşınmasında müəyyən problemlər yaratdı. 1995-ci ildən ta 2005-ci ilə qədər Xəzərin səviyyəsi nisbətən sabit qaldı. Amma 2005-ci ildən başlayaraq suyun səviyyəsi düşməyə başladı”,- deyə bildirib.
Alim Xəzərdə suyun səviyyəsinin azalma səbəbini Volqa çayı vasitəsilə gələn suyun azalmasında, çoxlu sayda su anbarları tikilməsində, əkinə yararlı torpaqların daha çox su tələb etməsində, həmçinin qlobal istiləşmədə görür:
“ Bu su ona görə azalır ki, xeyli su anbarları tikilib. İkinci bir tərəfdən, kənd təsərrüfatında yararlı torpaqların istifadəsi daha çox su tələb edir. Bir də ki, qlobal istiləşmə ilə bağlı Volqa çayının hövzəsində buxarlanmanın artmasıdır. Xüsusən, çayın üzərindəki su anbarlarının səthindən və delta hissəsindən buxarlanmanın kəskin artması Volqa çayının gətirdiyi suyun azalmasına səbəb olub”, - deyə vurğulayıb.
Y.MƏMMƏDLİ