“Avropa istehsallı avtomobillərin xərcində müəyyən azalmaların olacağı istisna deyil”.
Manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının qərarından asılıdır.
Bu fikirləri Millət vəkili, iqtisadçı Vüqar Bayramov bildirib.
O, avronun zəifləməsinin Azərbaycana idxal edilən məhsulların da xərcinə təsir edə biləcəyini, lakin ucuzlaşma baş verməyəcəyini də açıqlayıb.
“Avronun zəifləməsi Avropadan Azərbaycana idxal edilən məhsulların xərcinə təsir edə bilər. Amma avrozonada infilyasiya səviyyəsi yüksək olduğundan idxal edilən mallarda xüsusi qiymət azalmaları proqnozlaşdırılmır. Bununla yanaşı, Avropa istehsallı avtomobillərin xərcində müəyyən azalmaların olacağı istisna deyil.
Dolların dünya bazarında möhkəmlənməsi kontekstində manatın məzənnəsinə gəldikdə isə əvvəllər də qeyd etdiyimiz kimi, kursa təsir göstərən əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir”, -deyə vurğulayıb.
İqtisadçı əlavə edib ki, valyutaya olan tələbin əhəmiyyətli hissəsi Neft Fondu tərəfindən ödənilir və bu baxımdan Neft Fondunun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir.
“ Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur. Təbii ki, xarici ticarət tərəfdaşlarımızda milli valyutalarının məzənnələrindəki dəyişikliklər də iqtisadi faktorlardan biridir.
Bütün bunlar ilə yanaşı, praktiki olaraq, manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının qərarından asılıdır. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də qlobal valyuta bazarındakı kəskin volatillik fonunda manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq”, - deyib.
JASMİN