Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin İsmayıllı Dövlət Sort Sınaq Məntəqəsində müxtəlif bitki sortların sınağına həsr olunan tarla seminarı keçirilib. Tədbirdə Agentliyin rəhbərliyi, yerli sort müəllifləri, toxum idxalçıları, fermerlər və yerli qurum nümayəndələri iştirak ediblər.
Qurumdan verilən məlumata görə, tədbirdə çıxış edən Agentliyin sədr müavini Cəfər Məhərrəmov qurumun əsas fəaliyyət istiqamətlərindən birinin kənd təsərrüfatı bitkilərinin yeni sortlarının ekspertizasının aparılması olduğunu bildirib. Qeyd edib ki, yeni sortların sınaq və qeydiyyatının aparılması, mühafizəsi, istifadə olunan sortun müəllifinin və patent sahibinin hüquqlarının qorunmasının təmin edilməsi istiqamətində də Agentlik tərəfindən davamlı olaraq zəruri tədbirlər həyata keçirilir. Burada əsas məqsəd kütləvi istehsaldan və istifadədən əvvəl sortların məhsuldarlığı, keyfiyyəti, xəstəlik və zərərvericilərə davamlılığı və digər təsərrüfat faydalı göstəricilərinə görə müsabiqəli əsasda qiymətləndirilməsi və dövlət reyestrinə daxil edilməsi, həmçinin seleksiyaçı hüquqlarının qorunmasını və yerli şəraitə adaptasiya oluna bilməyən, buna görə də istehsal problemlərinə səbəb olan sortların istehsala çıxışının qarşısının alınmasıdır. Perspektivli, sınaq və ekspertizadan keçən sortların dövlət qeydiyyatına alınması yeni sort və hibridlərin fermerlərə əlçatanlığını təmin edərək, onların fermerlər tərəfindən idxalına, səmərəli becərilməsinə və ixracına imkan yaradır. Sədr müavini tədbirin əhəmiyyətini qeyd edərək, müxtəlif bitkilər üzrə digər sort-sınaq məntəqələrində bu səpgidə tədbirlərin keçirilməsinin vacibliyini bildirib.
Tədbirdə Agentliyin Dövlət toxum nəzarəti və bitkiçiliyin təşkili şöbəsinin müdiri Möhtəsim Əhmədov “Yerli torpaq-iqlim şəraitinə daha yaxşı adaptasiya olunan sortların əhəmiyyəti” barədə ətraflı məlumat verib. Çıxış edən toxum idxalçıları və mütəxəssislər sınağın nəticələrinə uyğun olaraq yerli və idxal olunan sortların regionların torpaq-iqlim xüsusiyyətlərinə uyğun düzgün seçilib fermerlərə əlçatanlığının təmin olunmasının əhəmiyyətini bildiriblər.
Tarla seminarında iştirakçılar tərəfindən hazırda sınaqda olan müxtəlif bitkilərin 46 sort və hibrid üzrə yerli torpaq-iqlim şəraitinə daha yaxşı adaptasiya oluna bilən, keyfiyyəti, xəstəlik və zərərvericilərə davamlılığı ilə fərqlənən sortların sınaq əkinlərinə baxış keçirilib.
Tədbir çərçivəsində müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.
Sonda İvanovka kənd mədəniyyət evinin folklor qrupunun çıxışı iştirakçılar tərəfindən maraqla qarşılanıb.
E.ŞİRİNOV