Tahir Rzayev: “Bu fərman, sahibkarlığın inkişafı üçün də yeni imkanlar açır.”

 Prezident İlham Əliyevin “Azərbaycanda ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” imzaladığı fərmana əsasən, ölkədəki bəzi buğda istehsalçılarına subsidiyalar yeni qaydada veriləcək.

Buğda yetişdirən fermerlər istehsal etdiyi məhsulun həcminə görə subsidiya alacaqlar.

Ötən gün bu barədə millət vəkili, iqtisadçı Vüqar Bayramov fikirlərini bölüşmüşdü. İqtisadçı yeni qaydaların tətbiqinin həm yerli istehsal sayəsində idxaldan asılılığı azalmasına, həmçinin ərzaq təhlükəsizliyinə təkan verəcəyini açıqlamışdı.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev də həmin fərmandan danışıb. 

Tahir Rzayev də bildirib ki, həmin fərman dövlətin ərzaq təhlükəsizliyi sahəsində həyata keçirilən tədbirlərdən biridir.

“ Məlum fərmanın verilməsi alqışlanmalıdır, çünki hər bir vətəndaşa məlumdur ki, artıq dünyada baş verən iqlim dəyişiklikləri, müharibələr, müəyyən xəstəliklər, dünyada ərzağa olan tələbatın artması ərzaq təhlükəsizliyi sahəsində müəyyən problemlər yaradır. Bu gün ərzaq təhlükəsizliyinin təmin olunması hər bir ölkənin qarşısında əsas vəzifələrdən biridir. Dünyada aclıqdan əziyyət çəkənlərin sayı 1 milyard nəfərdən çoxdur. Digər tərəfdən, Ukraynada aparılan hərbi əməliyyatlar ərzaq buğdasına olan tələbatı daha da artırıb”, -deyə bildirib.

Millət vəkili Azərbaycanın buğdaya olan tələbatının yerli istehsalla tam təmin edilə bilmədiyini, idxaldan asılı olduğunu, Ukrayna və Rusiyadakı vəziyyəti və buna görə də ərzaq məhsullarının ölkədən ixracına məhdudiyyət qoyulması qərarının vacibliyini vurğulayıb:   

“Azərbaycan özünü yerli məhsulla təmin edə bilmir, 1 milyon 200 min tondan çox ərzaq buğdasını xaricdən, xüsusilə Ukraynadan, Rusiyadan idxal edirik. Ancaq indi vəziyyət çətinləşib. Vəziyyət o yerə çatıb ki, BMT və bir çox dövlətlər buğdanın idxalı ilə bağlı çox vacib tədbirlər görməyə məcbur olublar. Azərbaycan da bununla əlaqədar qabaqlayıcı tədbirlər görməlidir və görür. Ölkədən ərzaq məhsullarının xaricə ixrac olunması üçün məhdudiyyətlər qoyulub. Bu məhdudiyyət xüsusilə taxıl məhsullarına şamildir. Məhdudiyyətin tətbiqi insanların ərzağa olan tələbatının ödənilməsi üçün vacibdir”, - deyib.

O,  Prezident İlham Əliyevin imzaladığı “Azərbaycanda ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” fərmanı ərzaq təhlükəsizliyinin təmininə yönəldilmiş qabaqlayıcı tədbir olduğunu açıqlayıb.

Tahir Rzayev Prezident İlham Əliyevin cari ilin 6 ayının yekunlarına həsr edilən müşavirədəki çıxışına diqqət çəkib:

“Prezident İlham Əliyev bu məsələni xüsusi qabardaraq dedi ki, ölkədə ərzaq buğdasına olan tələbat ödənilməlidir. O, həm də qeyd etdi ki, bu il heç vaxt istifadə olunmayan təqribən 100 min hektarda taxıl, yəni buğda, arpa, dənli bitkilər əkiləcək. Bu da bizim ərzaq təhlükəsizliyimizi gücləndirəcək. Prezident İlham Əliyev bundan əvvəl keçirdiyi görüşlərdə də bildirmişdi ki, biz tək əkin sahələrinin həcmini deyil, məhsuldarlığını artırmaq hesabına da ərzaq buğdasına olan tələbatı ödəməliyik. Ona görə də qarşıya belə məqsəd qoyulmuşdu ki, müasir texnologiyaya üstünlük verilməli, sahibkarlıq inkişaf etdirilməli, əlavə maliyyə vəsaitləri ayrılmalıdır. Bu fərmanın özü də o çıxışlardan irəli gələn vəzifələrin bilavasitə yerinə yetirilməsinə xidmət edir. Bu sahəyə marağı artırmaqdan ötəri indi ərzaq buğdası istehsalçılarına subsidiyaların verilməsi nəzərdə tutulur. Bu fərman digər tərəfdən, sahibkarlığın inkişafı üçün də yeni imkanlar açır”, -deyə Tahir Rzayev bildirib.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN